Baş redaktor 7 il müddətinə azadlıqdan məhrum edildi

Baxış sayı: 174

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu (İbişbəyli) barəsində hökm oxunub.
 
Məhkəmə onu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib, azad edildikdən sonra iki il ərzində jurnalistika ilə məşğul olmasını qadağan edib.
Müdafiə tərəfi qərarla razı deyil və ondan şikayət vermək niyyətindədir.
Prokuror məhkəmədən Fərəməzoğlunun 8 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş etmişdi.
Fərəməzoğlu 2016-cı il iyunun 30-da DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Polisin məlumatına görə, o, 3000 manat rüşvət alarkən cinayət başında yaxalanıb.
Jurnalist ittihamları təkzib edib və qanunsuz qumarxanalar haqqında nəşrlərinə görə təqib olunduğunu bildirib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.