Baş Prokurorluq “Hürriyyət”ə təşəkkür etdi – “MTN AGENTLƏRİNİN ADININ AÇIQLANMASI...”

Azərbaycan Respublikasının Baş Pokurorluğu “Hürriyyət” qəzeti və Hurriyyet.org saytına təşəkkür edib.
Redaksiyanın məlumatına əsasən, Baş prokurorun birinci müavini Rüstəm Usubov dünən “Hürriyyət”in və eyniadlı saytın baş redaktoru Vüqar Məmmədovu qəbul edib. Tərəflər son günlər ordudadkı casus qalmaqalı və mətbuatda MTN agentlərinin adlarının açıqlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Nəticədə Rüstəm Usubov “Hürriyyət”in baş redaktoruna rəhbərlik etdiyi qəzetin və saytın dövlət sirrinin qorunması istiqamətində son vaxtlar göstərdiyi prinsipial fəaliyyətə görə Baş Pokurorluğun təşəkkürünü çatdırıb.
R.Usubov deyib ki, “Hürriyyət”in xüsusən də MTN agentlərinin adının açıqlanması məsələsində əksər mətbu orqanlardan fərqli olaraq dövlətçilik mövqeyindən çıxış etməsi Baş Prokurorluq tərəfindən təqdir olunur.
Baş prokurorun müavini sonda Hurriyyet.org saytında bəzi mətbu orqanlara istinad olunaraq dərc edilən informasilarla bağlı gileyini də çatdırıb. Lakin Vüqar Məmmədov cənab Usubova məlumat verib ki, istinad olunan yazılara görə rəhbərlik etdiyi sayt heç bir məsuliyyət daşımır.
Hurriyyet.org