Baş Prokurorluq hüquq müdafiəçisinə xəbərdarlıq etdi

Baxış sayı:
4582

"Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü "hüquq müdafiəçisi" adlandıran Oqtay Gülalıyevin Facebook sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilib". Mayın 13-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Onu da qeyd edək ki, son vaxtlar O.Gülalıyev "Tərtər işi" üzrə həbs olunanların ailə üzvlərinin bəyanatlarını və müraciətlərini, Gəncə hadisələri ilə bağlı müttəhimlərə qarşı işgəncələr verilməsi və cinayət işlərinin saxtalaşdırılmasına dair məlumatlar yayıb.

Bundan əlavə, O.Gülalıyev siyasi məhbusları müdafiə edən bəyanatlarla çıxış edib(Turan). 

"İşgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə..."
 

"Baş Prokurorluq mənə xəbərdarlıq edib və mən buna görə məhkəməyə müraciət edəcəm."

Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 13-də Baş Prokurorluqda üç saatadək olduqdan sonra bu barədə bildirib.

“Mənimlə baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş Prokurorluğun digər əməkdaşları görüşdü. Mənə bildirildi ki, işgəncələrlə bağlı yazılarımda vətəndaşları itaətsizliyə çağırış var və işgəncələrlə bağlı məlumatları yaymaqda davam etsəm mənə qarşı cinayət işi açacaqlar. Təəssüflər ki, işgəncə faktlarını ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə, mənə xəbərdarlıq edirlər", - hüquq müdafiəçisi qeyd edib.

O, xəbərdarlığı absurd adlandırıb və Baş Prokurorluğu işgəncə faktlarını araşdırmağa, insanları işgəncəyə məruz qoyan vəzifəli şəxslərlə bağlı ölçü götürməyi çağırıb.

"Mən xəbərdarlıqda və izahatımda yazdım ki, Baş Prokurorluğun bu addımı mənim işgəncə faktlarını ictimailəşdirdiyimə görədir və əsassızdır. Rəsmi şəkildə yazdım ki, Baş Prokurorluğu ölkədə baş verən işgəncə faktlarını araşdrımağa çağırıram. Mən bundan öncə də açıq məktubla baş prokurora müraciət edərək işgəncə faktlarını araşdırçmağa çağırmışam. Baş Prokurorluq isə mənim açıq məktubumda məhkəmə hökmləri və digər sənədlərə əsaslanaraq əks olunan işgəncə faktlarını araşdırmaq əvəzinə xəbərarlıq etməklə məni susdurmağa çalışır. Mən bundan sonra da işgəncə faktlarının araşdırlması ilə bağlı fəsaliyyətimi davam etdirəcəm," hüquq müdafiəçisi Amerikanın Səsinə bildirib.