Baş Prokurorluq dəhşətli qəza ilə bağlı məlumat yaydı - HƏBS EDİLƏN VAR

Baxış sayı:
11638

Baş Prokurorluq mayın 31-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Muxalifet.az prokurorluğa istinadən xəbər verir ki, Yaşar Əliyev “Mercedes Benz” markalı 90-NH-489 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb, nəticədə avtomobildə olan sərnişinlər - Larisa Lapina və Mövlüd Əmraslanovun hadisə yerində vəfat etmələri, Nəzrin Hacıbalayevanın isə xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin Yaşar Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Y.Əliyev iyunun 3-də şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.