​Baş nazir istefanı gözə aldı: “Buna nail olacam...”

Baxış sayı:
202

Böyük Britaniyanın baş naziri Tereza Mey onun “Brexit”lə bağlı planlarına qarşı çıxanlara xəbərdarlıq edərək bildirib ki, hansı yolla olursa-olsun Avropa İttifaqı ilə razılaşdırılan sazişin imzalanmasına nail olacaq. 
Azvision.az xəbər verir ki, bu barədə Tereza Mey britaniyalı iş adamları ilə görüşdə deyib. Xəbərdarlıq edib ki, “Brexit” üzrə sazişin qəbulu üzrə yekun mərhələ ən çətini olacaq. Bununla belə, Mey onun mümkün istefası ilə bağlı ehtimallara da toxunaraq bildirib ki, bu sazişin imzalanmasına nail olacaq. 
“Heç vaxt gözlənmirdi də ki, hər şey asan və sadə olacaq. Sonuncu mərhələ ən çətini olacaq. Amma biz əlimizdə Böyük Britaniyanın xeyrinə işləyəcək sazişin olmasına cəhd edirik. Və qoy heç kəsin şübhəsi olmasın: mən bunu təmin edəcəm!” – Mey bəyan edib. 
Qeyd edək ki, ötən həftə 5 saatlıq fövqəladə iclasında Britaniya hökuməti “Brexit”lə bağlı 400 səhifəlik saziş layihəsini təsdiq edib. Lakin sazişə etiraz edən nazirlər də olub. Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab və Şimali İrlandiya işləri üzrə nazir Şeyleş Vara baş nazir Tereza Meyin Brüssellə danışıqlarda sərgilədiyi yumşaq mövqeyə və “Brexit” sazişindəki bəzi müddəalara görə tutduğu vəzifələrdən istefa veriblər. Bununla da, Meyin “Brexit” siyasətinə etiraz olaraq Britaniya hökumətini tərk edən rəsmilərin sayı 18-ə çatıb. 
Britaniya mətbuatı yazır ki, Tereza Meyin rəhbəri olduğu Mühafizəkarlar partiyasının əksər üzvləri də “Brexit” barədə saziş layihəsinə səsvermədə əleyhinə mövqe tutacaqlar. Hətta Meyin hökumət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün yaxın günlərdə deputatların baş nazirə etimadsızlıqla bağlı səsvermə keçirəcəkləri bildirilir. 
Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.