Baş katibin kiçik qardaşı - şahzadə kimi yaşayan, səfil kimi ölən Yakov Brejnev

Baxış sayı:
4528

Qardaşı baş katib olmasaydı, bəlkə də onun həyatı uğurlu olacaqdı. Məhz Leonid İliç Brejnevin ölkədə birinci şəxs olması onun həyatını bütövlükdə dəyişib. Əslində altı yaş Brejnevdən kiçik olan Yakov İliç zamanında SSRİ-nin istənilən bölgəsində istənilən məsələni bir telefon zəngi ilə həll edib. Özünü təqdim etmək yetərli olub ki, vilayət və şəhər partiya komitələrinin birinci katibləri əmrə müntəzir olsunlar. Amma bu hökmranlıq Breynevin qardaşını meşşan və tüfeyli bir həyata sürükləyib, o heç vaxt öz adı ilə yaşamayıb, “Brejnevin qardaşı” adı ilə ömür sürüb, elə bu adla da tənha, dilənçi və acınacaqlı bir vəziyyətdə ömrünü sona vurub. Yakov İliç Brejnev 1912-ci ildə Dneprodzerjinskidə anadan olub. Orta məktəbi bitirdikdən sonra metallurgiya kombinatında işləyib və eyni zamanda Metallurgiya Institutunda qiyabi təhsil alıb. Daha sonra həmin şəhərdəki Metallurgiya texnikumunda müəllim kimi fəaliyyət göstərib. Müharibə dövründə, 1942-ci ildə texnikum Maqnitoqorsk şəhərinə köçürüləndə Yakov İliç Dneprodzerjinskdən gedib. Amma ailəsini və iki azyaşlı qızını özü ilə aparmayıb. Maqnitoqorsk şəhərində o, ikinci dəfə ailə qurub və üçüncü qızı dünyaya gəlib. Leonid İliç Brejnev hakimiyyətə gələndə digər yaxın qohumları kimi Yakov İliçi də Moskvaya gətirib. Yakov əvvəlcə SSRİ Elm və Texnika Komitəsində baş idarə rəisi vəzifəsinə təyin edilib, Moskvanın prestijli yerində, köhnə Arbatda üçotaqlı mənzillə təmin olunub. Böyük qardaş kiçik qardaşın istirahəti üçün Barxive massivində ona bağ evi də təşkil edib. Bir müddət sonra Yakov İliç SSRİ Qara Metallurgiya Nazirliyində daha yüksək vəzifəyə təyinat alıb. Əyalətdən gəlmiş Yakov İliç üçün bu komfortlu həyat gözqamaşdırıcı olub. Hamı onunla yaxınlıq etməyə cəhd göstərib, restoranların qapıları onun üzünə taybatay açılıb, xüsusi diqqət, bahalı hədiyyələr Yakov İliçə keçmişini unutdurub. Qadınlara və içkiyə xüsusi marağı olan Yakov İliç bəzən həftələrlə işə getməyib. Buna görə ona bir söz deyən olmayıb. “Brejnevin qardaşı” statusu Yakov İliçi hərtərəfli qorumaqla yanaşı, həm də onu qayğı ilə əhatə edib. Qısa bir zamanda Yakov İliç heç bir xidməti olmadan yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Bununla yanaşı, o, qeyri-rəsmi titullar da qazanıb. Gənclik illərindən gözəl rəqs etməyi bacaran Yakov İliç “40 dərəcə” altında restoranlara rəqs edə-edə daxil olub və buna görə “balerina” titulunu qazanıb. Ad günlərində, toy məclislərində Yakov İliç o qədər “fəal” olub ki, bununla da o, ikinci bir titula, “toy generalı” adına layiq görülüb. Yakov İliçin xanımlarla münasibəti adi roman yox, çoxcildli əsərlərə bənzəyib. Bütün problemləri həll etmək gücündə olan kiçik Brejnev onların ən böyük problemlərini həll edib. Ali məktəbə qəbul etdirmək, işlə təmin etmək, mənzil almaq, yaşlılara yüksək pensiya, müalicə və digər məsələlərin həlli Yakov İliç üçün su içimi qədər asan olub. Bölgələrdə birinci katiblər Yakov İliçin xahişlərini böyük məmnunniyyətlə yerinə yetiriblər. Yakov İliç mövcud dövrdə defisit sayılan malları çox rahatlıqla əldə edib. Dəbdə olan dəri gödəkçələrdən tutmuş, bahalı mebellərə, xarici içkilərdən tutmuş qara kürüyə qədər tapılmayan malları Yakov İliç bir zənglə öz mənzilinə gətirdib. Əldə olunan bu mallar şəxsi istifadə ilə yanaşı, işbazlar tərəfindən qara bazarlara da yol tapıb. Onun ən yaxın dostu Moskva şəhər prokurorunun müavini Nikolay Skvortsov olub. Demək olar ki, hər gün görüşən dostları əsas bir şakər birləşdirib - gecə yarıyadək içmək. Günlərin birində Skvortsov Yakov İliçə işə tez-tez gecikdiyinə görə problemlərin yarandığını söyləyib: - Yakov, son vaxtlar prokuror məni hədəfə alıb, belə getsə, məni işimdən uzaqlaşdıracaqlar. Yakov İliç heç nə demədən telefona yaxınlaşıb və SSRİ prokurorluğuna zəng vurub. Balaca Brejnev qəbul otağında telefona cavab verən şəxsə şəstlə göstəriş verib: - Danışan Yakov Brejnevdir, baş katibin qardaşı. Yoldaş Rudenkoya çatdırın ki, Moskva şəhər prokurorunun müavini Nikolay Skvortsov mənim sərəncamımdadır. Zaman-zaman Yakov İliçin hökmranlığı Brejnevin də qulağına çatıb. Əvvəlcə məsələ ailədə müzakirə olunub. Brejnevin həyat yoldaşı Viktoriya Petrovna baş katibdən qardaşı ilə əlaqələrini tamam kəsməsini tələb edib. Brejnev bir neçə dəfə qardaşını yanına çağırıb, onunla söhbət aparıb. Amma Yakov İliç içməyindən və bundan sonra da dövlət məmurlarına tapşırıqlar verməyindən əl çəkməyib. Nəhayət, Leonid İliç Brejnev bu məsələnin həllini DTK sədri Yuri Andropova həvalə edib. Andropov şəxsən özü Yakov İliçlə görüşüb. Görüşün və aparılan söhbətlərin nəticəsiz olduğunu anlayan Andropov Yakov İliçi alkoqoldan xilas etmək üçün məcburi müalicəyə cəlb edib. Amma bu da heç bir nəticə verməyib. Prokuror müavini olan dostu avtomobil qəzasında həlak olduqdan sonra Yakov İliç içkiyə daha çox qurşanıb. Yaxınları və doğmaları ilə əlaqəsi tamam kəsilib. Brejnevin vəfatından sonra təqaüddə olan Yakov İliçin aldığı pensiyanın məbləği azaldılıb. Yığdıqlarını xərclədikdən sonra evdəki əşyaları satmağa başlayanda qızları mənzildə olan bütün əşyaları, o cümlədən atalarının orden və medallarını evdən aparıblar. Dilənçi vəziyyətinə düşən Yakov İliç qonşulardan, bəzən isə yoldan keçənlərdən bir şüşə araq almaq üçün utana-utana pul də istəyib. Səfil kimi yaşayan Yakov İliçi düşdüyü vəziyyətə görə 1989-cu ildə Brejnevin anım günündə hətta Qırmızı meydana da buraxmayıblar. Bu minvalla Yakov İliç tənha, dilənçi, kimsəsiz vəziyytdə 1993-cü ilə, 81 yaşına qədər yaşayıb...//musavat