"Barış pınarı" hərəkatında YENİ MƏRHƏLƏ... - Danışıqlara əməl olunmasa nə baş verəcək?

Baxış sayı:
232

Prezident Recep Tayyip Erdoğan Suriyanın şimalında nəzərdə tutulan təhlükəsiz zonadan çıxmayacaqları təqdirdə Türkiyənin kürd silahlılarının "başlarını əzəcəyini" deyib.
Türkiyə cümə axşamı günü kürdlərin təhlükəsizlik zonasından çıxmasına beş günlük möhlət verib.
Lakin şənbə günü hər iki tərəf bir-birini "atəşkəsi pozmaqda" günahlandırıb.
Ankara kürd qüvvələrini "terrorçu" sayır və Suriyanın daxilində bufer rolunu oynayacaq "təhlükəsizlik zonası" yaratmaq istəyir.
Müvəqqəti atəşkəs rejiminə baxmayaraq, ara-sıra zorakılıq hadisələri baş verməkdədir - xüsusən, Rəs əl-Ayn sərhəd şəhəri ətrafında.
Şənbə günü Türkiyənin Kayseri vilayətində keçirilən tədbirdə danışan prezident Erdoğan, kürd döyüşçülərinin atəşkəs razılığına uyğun olaraq, çərşənbə axşamı günü axşamadək geri çəkilməyəcəyi təqdirdə, "tərk etdiyimiz yerdən davam edərək terrorçuların başını əzməyə davam edəcəyik" deyib.
Türkiyə lideri gələn həftə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Şənbə günü Erdoğan bəyan edib ki, danışıqların bir nəticə verməyəcəyi təqdirdə Türkiyə "öz planlarını həyata keçirəcək".
Bundan əvvəl isə Türkiyənin Müdafiə Nazirliyi kürd qüvvələrini son 36 saat ərzində əsasən Ras əl-Ayn şəhərində 14 "təxribatçı" hücum həyata keçirməkdə ittiham edib, lakin buna baxmayaraq, türk qüvvələrinin razılaşmaya tam əməl etdiyini bildirib.
Ancaq kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyəni atəşkəsi pozmaqda günahlandırıb.
Onlar həmçinin türk qoşunlarını mühasirədə olan şəhərdən mülki şəxslərin və yaralıların çıxması üçün təhlükəsizlik koridoru yaratmamaqda ittiham edib.
Şənbə günü SDQ müvəqqəti atəşkəsin əldə olunmasında iştirak etmiş ABŞ vitse-prezidenti Mike Pence-i mülki şəxslərin keçməsinə icazə verməsi üçün Türkiyəyə təzyiq göstərməyə çağırıb.
İngiltərədə mənzillənən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu (SOHR) bildirib ki, Ras Əl-Ayna humanitar yardımların çatdırılmasının da qarşısı alınır.
Monitorinq qrupu cümə günü bildirib ki, Türkiyənin keçirdiyi əməliyyatı nəticəsində ölən mülki şəxslərin sayı 86 nəfərə çatıb.
10 gün bundan əvvəl başlamış əməliyyat nəticəsində 160000-300000 arasında insanın evlərini tərk etdiyi bildirilib./bbc