BANKLAR VƏTƏNDAŞLARIN DEPOZİTLƏRİNİ NİYƏ QAYTARMIR? – Ekspert: "Heç bir bankın buna ixtiyarı yoxdur"

Baxış sayı:
4060

"İndiki halda depozitin qaytarılmamasının heç bir hüquqi əsası yoxdur"

Son günlər bir sıra banklar vətəndaşların depozitlərini qaytarmaqdan imtina edir. Belə ki, bu barədə Hurriyyet.org-u məlumatlandıran mənbənin sözlərinə görə, banklar əmanətlərini geri götürmək istəyən insanların müraciətlərini müsbət cavablandırmır, müxtəlif bəhanələrlə depozitləri qaytarmaqdan boyun qaçırırlar.
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, heç bir bankın vətəndaşın depozitini qaytarmamağa ixtiyarı yoxdur: "Yəni bunun üçün hər hansı formada etiraz etmənin bir əsası olmalıdır. Depozitin qaytarılmasının qanuni əsası ancaq o zaman ola bilər ki, bank özünü bankrot elan edir və işlər ləğvetmə komissiyasına tapşırılır. Bu halda ola bilər ki, bankların hər hansı bir formada imtina etmək üçün hüquqi əsası yarana bilər. Ancaq indiki halda depozitin qaytarılmamasının heç bir hüquqi əsası yoxdur. Odur ki, banklarda depozit yerləşdirən vətəndaşlar istənilən halda əmanətlərini geri çəkə bilərlər". Bankların əmanətçilərlə bağladığı müqavilələrdə də bunun açıq-aydın şəkildə qeyd olunduğunu vurğulayan iqtisadçı ekspertin fikrincə, ola bilər ki, banklar karantin rejimini bəhanə gətirib bunu fors-major hal kimi təqdim edə bilərlər: "Lakin bu, doğru deyil. Çünki karantin rejimi fors-major hallara aid deyil. Yəni bu gün bankların fəaliyyəti davam etdirilir, bununla bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdursa, o zaman banklar müştərilər qarşısında olan öhdəliklərini yerinə yetirməlidirlər".
"Dünya əks yolla gedir, iş adamlarına, sadə vətəndaşlara daha çox kredit verməklə iqtisadiyyatın çarxlarının daha geniş dönməsinə çalışır"
Bir sıra bankların istehlak və biznes kreditlərinin verilişini dayandırmasına gəlincə, Natiq Cəfərli bildirdi ki, hazırda Azərbaycan da daxil olmaqla, bütün dünyada iqtisadi aktivlik çox aşağı düşüb: "Yəni dünya iqtisadiyyatında ciddi daralma gedir. Bu səbəbdən də Azərbaycan iqtisadiyyatı da durma nöqtəsinə gəlib. Yəqin ki, banklar öz risklərini sığortalamaq üçün bu addımı atırlar. Çünki indiki dönəmdə hansısa kreditləri verərkən ciddi risk alırlar. Bildiyimiz kimi, vətəndaşların istehlek kreditlərini qaytarmağa imkanları yoxdur. Çünki iş yerləri kütləvi şəkildə bağlanır, qazanclar azalır. Bundan başqa, yəqin, banklar indiki dönəmdə biznesə də kredit verməyi riskli sayır. Ona görə ki, biznesin böyük bir hissəsi, əsasən də xidmət və turizm sahəsi tam qapadılıb. Bu səbəbdən də biznesə kredit verməyi riskli saydıqları üçün yəqin ki, bu addımı atıblar. Amma bu, kökündən yanlış yanaşmadır. Çünki bu gün dünya əks yolla gedir. Belə ki, bunun əksinə bütün iş adamlarına, sadə vətəndaşlara daha çox kredit verilməsi yolu ilə iqtisadiyyatın çarxlarının daha geniş dönməsinə çalışırlar. Ümumiyyətlə, iqtisadi aktivliyi mərkəzi banklar və bank sektoru ayaqda tutmağa çalışırlar. Azərbaycanda isə bunun tam əksini görürük. Bu isə öz növbəsində, ölkənin bank sisteminin və iqtisadiyyatın nə qədər zəif olduğunu bir daha sübut edən əsas göstəricilərdən biridir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org