Banklar valyuta mübadiləsinə məhdudiyyət qoyub? – RƏSMİ AÇIQLAMA

Baxış sayı:
755

Hazırda bütün dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq olunan müvafiq məhdudiyyətlərə baxmayaraq banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam edir, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışıblar.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, son günlər bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer alıb. Banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmayıb. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edir.

Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər.