Bankı başdaşı borcuna görə soymaq istədi…

Fevralın 12-nə keçən gecə Bakıda yerləşən bankdan oğurluğa cəhd göstərən şəxslərdən biri Elxan Məsimov hadisə haqda açıqlama verib.
49 yaşlı Elxan Məsimov həyəcan siqnalının işə düşməsindən sonra hadisə yerinə gələn mühafizə polisi tərəfindən saxlanılıb. Artıq istintaqa təhvil verilən şəxs əvvəlcə polisi taksi fəaliyyəti ilə məşğul olduğuna və gecə vaxtı bankın ətrafında düşürtdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Niyyətinin baş tutmadığını gördükdə isə ən böyük bicliyin düzlük olduğunu başa düşüb. Onun sözlərinə görə, oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb:
“Kamranla bərabər gəldik Binəqədiyə. Mən maşında oturmalıydım, o da bankomatdan pul çıxarıb qayıtmalı idi. O, gəlmədi, mən də düşüb onu axtarmağa başladım. Elə onda da mühafizəçilər məni tutdular. Onun yoldaşı rəhmətə getmişdi, başdaşı qoydurmuşdu, 1000 manat borcumuz var idi. O da ona görə bu addımı atıb, yoxsa başdaşını söküb aparcaqdılar”.
Bankın binasında yerləşən bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. ( Region TV)