Bank hesablarından pul silən “görünməz” virus aşkar edilib

Bu viruslar əsasən “SMS banking” və “Mobile banking” xidmətlərindən “Android” platformasında istifadə edənləri yoluxdurur
 
Ekspertlər MMS-lərdən istifadə edərək yayılan “görünməz” viruslar haqqında xəbərdarlıq ediblər. “Qazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə “Group-IB” şirkəti məlumat yayıb.
Məlumata görə, virus istifadəçinin telefon kitabçasından nömrələrdən birini seçərək ora MMS göndərir və qarşı tərəf göndərilən fayla klikləyən kimi həmin virusa yoluxmuş *.apk fayl yüklənir və beləliklə, qarşı tərəf də bu virusa yoluxmuş olur. Hətta virusun qurbanın balansından vəsaitlərin hakerin hesabına transfer etdiyi də aşkar edilib. Virus istifadəçiyə yanlış hesab göstərərək onu bank kartının məlumatlarını əlavə etməyə məcbur edir və hesabdan vəsaiti silir.
“Group-IB”nin kodlaşdırılmış virusların dinamikasını araşdıran eksperti Rüstəm Mirqasımov deyib ki, bu viruslar əsasən “SMS banking” və “Mobile banking” xidmətlərindən “Android” platformasında istifadə edənləri yoluxdurur. Ekspert hesab edir ki, hazırkı antiviruslar adıçəkilən virusu aşkar etmək iqtidarında deyil.