BAMF-da “Beynəlxalq aləmin Qarabağ hadisələrinə münasibəti” mövzusunda maarifləndirici konfrans keçirilib - FOTOLAR

Baxış sayı:
2266

11 Yanvar 2020-сu il tarixində Azərbaycan Gənclik Platforması’nın və “Beynəlxalq Avrasiya Mətbuat Fondunun” birgə təşkilatçılığı ilə  “Beynəlxalq aləmin Qarabağ hadisələrinə münasibəti” mövzusunda maarifləndirici konfrans keçirilib.
Muxalifet.az "Eurasia Diary"-yə istinadla xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, işğal olunmuş ərazilərimizi beynəlxalq arenalarda tanıyan dövlətlər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü barədə gənclərə geniş məlumat verib:
"1989-cu ilin noyabrın ortalarında Ermənistandan rəsmi rəqəmlərə görə 300 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 500 minə yaxın azərbaycanlı deportasiya edildi. Ermənistanda demək olar ki, bir nəfər də azərbaycanlı qalmadı. Uşaqlarımızı metal boruların içinə yığıb, hər iki tərəfini qaynaq edib dərədən üzü aşağı diyirləyirdilər. Hələ 100 il bundan öncə Ağdərənin Umutlu kəndində insanları qapalı yerlərə yığıb yandırdılar. O kənddən bir nəfər də sağ çıxmadı. Bunlar insanlıq adına ləkədir", U.Mirzəyev deyib.
"Təşkilatımız davamlı olaraq Qarabağ problemi ilə bağlı maarifləndirmə tədbirləri keçirir. Bu problemlə bağlı hər birimiz məsuliyyət daşıyırıq", deyə BAMF prezidenti bildirib.
Tədbirdə çıxış edən əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, bu məsələlərdə gənclər fəal olmalıdır: "Bu gün Azərbaycan beynəlxalq platformalarda öz sözünü deyə bilir. O zaman adi bir xəbər Moskvada süzgəcdən keçərək əleyhimizə çevrilib dünyaya çatdırılırdı. Bu gün isə sərhədlər açıqdır, internet, sosial media var və gənclər bundan faydalanmalıdır. Biz hər gün Qarabağı azad etmək haqqında düşünməliyik", A.Həsrət söyləyib. 
Daha sonra tədbirin təşkilatçılarından biri olan Fariz Vəliyev konfransın məqsədi ilə bağlı bildirmişdir ki, tədbiri keçirməkdə əsas məqsədimiz, Qarabağ hadisələrini, ermənilərin Azərbaycan törətdikləri vəhşilikləri gənc nəsilə çatdırmaqdır”.
Tədbirdə qonaq qismində iştirak edən gənclər çıxış edərkən əsas müzakirələri aşağldakı mövzuları əhatə etdi:
ATƏT-in Minsk Qrupu DQ münaqişəsinin həlli üçün irəli sürdüyü təkliflər paketi
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hüquqi əhəmiyyəti
İşğal olunan Qarabağ torpaqları, terror təşkilatlarının  poligonu
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü
Tədbirdə, Qarabağ Qazisi Ülvi Qədir, Müharibə Veteranı Məmmədhəsən Həsənov, Şəhid ailəsi Şakir Niftalılı, Şəhid övladı Nərminə Cəfərova, BAMF əməkdaşı Zəminə Səfərova, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Suraxanı Gənclər Evi və medya nümayəndələri də iştirak ediblər. 





Muxalifet.az