Balaxanının Qum hamamı, 40 pilləkənli Ovdanı, “Nikolayski” evləri... - QƏSƏBƏ TARİXİ GÖRKƏMİNƏ QAYIDIR

Baxış sayı:
8989

Xəbər verildiyi kimi Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın kənd və qəsəbələrində genişmiqyaslı abadlıq layihələri həyata keçirilir. Balaxanıda da yollar, küçələr abadlaşdırılır, kanalizasiya, su, telefon xətləri yenilənir, köhnə dam örtükləri, qapı-pəncərə dəyişdirilir, qəsəbə başdan-başa yaşıllaşdırılır. Bir vaxtlar neft gölməçələrinin, nəhəng zibil poliqonunun əhatəsində yerləşən, Bakının görkəmcə ən yoxsul, ən miskin qəsəbələrindən olan Balaxanı indi simasını büsbütün dəyişir. Bir yandan da qəsəbədəki tarixi abidələrin, bir əsrdən çox yaşı olan məscidin, neçə əsrə şahidlik edən qəbirstanlığın da bərpasına, abadlaşdırılmasına başlanılıb. Və beləliklə qəsəbə sakinlərinin arzuları reallaşır. Virtualaz.org saytının əməkdaşları qəsəbənin tarixi abidələrində aparılan abadlıq işlərinin şahidi olublar. Gördüklərimiz bunu deməyə əsas verir ki, Balaxanı tezliklə həm də tarixi abidələri ilə yerli və xarici turistlər arasında məşhurlaşacaq. Qum altında hamam... Balaxanıda əslində hər yandan tarix boylanır. Amma qəsəbədə tarixi abidə sayılacaq tikililər uzun illər baxımsız qalıb demək olar ki, sıradan çıxmışdı. İndi tarixin yaddaşı həkk olunmuş məkanların hər biri tək-tək bərpa edilir. Abadlıq işlərinə Karvansaraydan başlanılıb. Hansı ki, 1636-cı ildə Səfəvi şahı Səfinin əmri ilə inşa olunub. Karvansarayın yaxınlığında yerləşən Qum hamamında da bərpa işləri gedir. Bələdçimiz deyir ki, rəsmi məlumatlarda hamamın 15-16-cı əsrə aid olduğu qeyd edilir. Yerli sakinlər isə deyirlər ki, bu tarixi məkan həqiqətən də qumun altında qalıb, onillərlə heç kimin diqqətini çəkməyib. Yaşlı sakinlər hasar çəkərək ərazini qorumağa çalışsalar da, hamam baxımsızlıqdan itib-batmaq üzrə imiş. Hazırda torpaq qatı təmizlənib, abidənin restavrasiyası üçün kompleks işlər görülməkdədir. “Bərpa işlərindən əvvəl Mədəniyyət Nazirliyinin əməkdaşları, arxeoloqlar gəlib baxdılar, tədqiq elədilər, rəy verdilər”,-bələdçimiz məlumat verir. “Təsəvvür edin, 15-ci əsrdə necə ustalıqla istilik sistemi qurublar...” Hamam 2 əsas və 16 kiçik otaqdan ibarətdir. Bu unikal hamamın inşasında sementdən istifadə edilməyib, amma dörd bir yanında saxsıdan qızdırıcı sistem quraşdırılıb, yerin altı ilə və divarlarla içəriyə istilik ötürülüb. “Təsəvvür edin, 15-ci əsrdə necə ustalıqla istilik sistemi yaradıblar. Hamamın mərkəzi hissəsində kiçik çarhovuz yerləşir”,-bələdçimiz yeraltı qalanı xatırladan otaqları gəzdikcə həyəcanını gizlədə bilmir. Hamamın unikal kanalizasiya sistemi olduğu bildirilir. Kanalizasiya suları divarların kənarından xüsusi düzəldilmiş novlara daxil olaraq çölə axıb. Hamamın hündür olmaması isə görünür içəridə istiliyin təmin olunmasına hesablanıb. Kompleksin əsas hissəsinin torpağın altında olması da məhz içəridə istiliyin saxlanılması üçündür. Bir çoxları hamama suyun Ovdan adlandırılan su quyusundan vurulduğunu güman edirmiş. Qazıntılar zamanı isə məlum olub ki, hamamın arxa tərəfində kəhriz var, bu da hamama həmin kəhqizdən su vurulduğunu söyləməyə əsas verir, çünki bütün saxsı borular kəhrizə birləşdirilib. “Bilirdik ki, prezidentimiz, birinci xanım Mehriban Əliyeva qədim abidələrə sahib çıxır. İndi Balaxanının əvvəlki şöhrəti özünə qaytarılacaq, buna görə də prezidentə, onun xanımına minnətdarıq”,- hamamın yaxınlığında yaşayan Ayaz adlı sakin deyir. 40 pilləkənli Ovdan... XIV əsrdə, Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə inşa olunan 40 pilləkənli Ovdan Qum hamamının qonşuluğundandır. Qum hamamı hündürdə, Ovdan isə nisbətən çökəkdə yerləşir. Ovdan vasitəsilə Balaxanının içməli suya olan təlabatı ödənirmiş. Artıq bu abidənin də ətrafında abadlıq-restavrasiya işlərinə başlanılıb. “Xarici mətbuatda dəfələrlə bu quyu haqda yazılıb. Bir neçə gün əvvəl də turistlər gəlmişdilər. Polşalı turistin çox xoşuma gəldi, çəkdi, dedi ki, öz ölkəsində yayımlayacaq. Pilləkənlər elə formada inşa olunub ki, bir neçə dəfə düşüb-çıxsan da, yorulmursan, üstəlik dərinə endikdə nəfəs almaq çətinləşmir”, - qəsəbə sakini Ağa Məmmədov deyir. Biz də pilləkənlərlə quyuya enirik. Ovdanın 2 metrə yaxın hündürlüyü olan giriş tağı var, üzü aşağı, yerin dərinliyinə doğru 15 metrə qədər uzanır və su mənbəyinə çatır. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Giriş qapısından üzü aşağı baxarkən Günəşin işığı quyu ağzı hissəsindən Ovdan mənbəyindəki suyun üzərində sayrışır. Qəsəbənin “Nikolayski” evləri... Balaxanıda tarixi tikililərdən bəhs edərkən 1890-cı-1915-ci illərdə inşa olunan evləri də qeyd etməmək olmur. Qəsəbə sakinləri deyirlər ki, tezliklə həmin evlərin də bərpası gözlənilir. Yerlilər bu evləri “Nikolayski” evlər adlandırırlar. Çünki ikimərtəbəli, divarlarının eni 1 metrə çatan, tavanının hündürlüyü 4 metr 80 sm olan həmin evlərin sonuncu rus çarı II Nikolayın hakimiyyəti dövründə tikildiyi deyilir. Hətta evlərdə divarlara çəkilmiş rəsmlər də bir-birinə bənzəyir. Qəsəbəyə gələn turistlərin ən çox ziyarət etdiyi qədim evlərdən biri Cahangir Cahangirov küçəsində yerləşir, evin sahibi Əlinağı Qasım bəy oğlu Əliyevdir. Sakinlərdən biri danışır ki, adına məscid olan Məşədi Dadaş Əlinağı Əliyevin ana babasıdır. Evin divarlarında Türkiyədəki Ayasofya məbədi, Titanik gəmisi, Naxçıvanda karvan yolu, Balaxanıda neft mədəni əks olunub. Əlinağı Əliyev danışır ki, təkcə Balaxanıda deyil, Naxçıvanda da eyni dizaynda tikilmiş, eyni naxışlarla bəzənmiş evlər var və görünür bu evlər rus rəssamlarının da qatıldığı briqadalar tərəfindən inşa edilib. Divarlarının qalınlığına, tavanının hündürlüyünə görə içərisi yayda sərin, qışda isti olan bu evlərin bərpası Balaxanının tarixi simasını özünə qaytarmaqda kömək edəcək. Lakin bunlar da hamısı deyil. Balaxanıda qədim qəbiristanlıqda və məsciddə də bərpa işləri gedir ki, bu haqda reportyorlarımızın növbəti reportajında bəhs olunacaq. Reportyor qrupu: Ü.Xudiyeva, G.Əliyeva, İ.Rafiqqızı