​Bakıya kəpənəklər Rusiyadan gəlib? - Həştərxan vilayətini həşəratlar basıb

Baxış sayı:
12484

Son günlər Rusiyanın Həştərxan vilayətini kəpənəklər basıb. Bu həşəratlara hər yerdə rast gəlmək mümkündür: magistrallarda, şəhər mərkəzində və şəhərdən kənarda. Bu kəpənəklərin əksəriyyəti portağal və açıq boz rəngindədir.
Alimlər deyir ki, son 15 il ərzində bu bölgədə belə hal müşahidə edilməyib. Ekspertlərin sözlərinə görə, bu həşəratların qeyri-adi aktivliyinin səbəbi yağıntının az olmasıdır.
Həştərxan Biosfer Qoruğunun direktor müavini Kirill Litvinov kaspyinfo.ru saytına açıqlamasında bildirib ki, kəpənəklərin belə çoxalmasının əkinçiliyə heç bir zərəri olmayacaq. Onun sözlərinə görə, bu həşəratlar bölgənin adi “sakinləridir”. Ancaq onların sayının bu qədər çox olması da qeyri-adi bir vəziyyətdir:
"Son 15 il ərzində belə hadisənin şahidi olmadım. Dünyadakı digər bölgələrdə bəzi növ həşəratların qruplar şəklində başqa yaşayış sahələrinə köç etməsi bilinir. Həştərxan küçələrində çox sayda kəpənəklərin olmasının isə su azlığı ilə əlaqəli olduğunu düşünürəm”.
O hesab edir ki, adətən yağışlı havada kəpənəklərin sayı az olur, çünki onların sürfələri suda boğulur: “Bu il zəif daşqın səbəbiylə tırtıllar daha çox olub. Onlar yeməkdən məhrumdurlar və kəpənəklər qidaların daha çox olduğu yerlərə köç edən həşərat qruplarına aid olduğundan, kütləvi şəkildə toplanıblar. Ancaq bu kütləviliyin dəqiq səbəbləri hələ tam müəyyən edilməmişdir. Bunu araşdırmaq maraqlı olardı”.
Kirill Litvinov deyib ki, bu tırtıllar kənd təsərrüfatı məhsulları üçün təhlükəli deyildir: “Bu kəpənəklər nektar üzərində qidalanır və əsasən əkinçilik üçün əhəmiyyətsiz olan bitki növlərini üstün tuturlar".

Məlumat üçün bildirək ki, son  günlər Bakı, Sumqayıt, Xırdalan, Biləcəri ərazisində kəpənəklərin sayında kütləvi artım müşahidə edilir. Mənzərə insanlarda sual doğurub.
Məsələ ilə bağlı açıqlama verən AMEA Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, kəpənəklərin sayındakı artımın əsas səbəbi miqrasiyadır.
“Hazırda kəpənəyin “vanessa cardui” adlı növünün Afrikadan Aralıq və Qara dəniz üzərindən Avropa istiqamətinə kütləvi miqrasiya etdiyi vaxtdır. Bu növ kəpənəklər beş min kilometrə qədər miqrasiya etmək qabiliyyətinə malikdirlər.
Azərbaycanın da Qara dənizə yaxın olduğunu nəzərə alsaq, ölkədə kəpənək artımını müşahidə etmək normaldır. Bizimlə bərabər, Türkiyə, İsrail və Kiprdə də kütləvi artım müşahidə edilir. Kəpənəklər arılardan sonra əsas tozlandırıcılardır.
Hazırda ölkə ərazisində olan kəpənəklərin hər hansı bir fəsadı yoxdur. Adətən, kəpənəklərin bəzi növlərinin qoyduğu yumurtadan çıxan tırtıllar kənd təsərrüfatına ziyan vurur. Lakin “vanessa cardui” növü kənd təsərrüfatı ziyanvericisi kimi göstərilmir. Onlar qanqal bitkisi üzərində yaşayırlar. Eyni zamanda, ağacların üzərində də görmək olar”, – deyə Nigar Yusifova bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən isə bildirilib ki, son günlərdə respublika ərazisində yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur.
Agentlikdən verilən məlumata görə, "Şeytanqaqalı" kəpənəyi adlandırılan bu həşəratların bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı isə bioloji mübarizə vasitəsidir”.
 
Muxalifet.az