Bakıətrafı qəsəbələrin marşrut bəlası - yeni qiymət, köhnə avtobus...

Baxış sayı:
1383

Şəhərin ictimai nəqliyyatında yenə sınıq-salxaq avtobuslar işləyir, oturacaqları cırılmış-deşilib, kart sistemi işləmir, interval bərbad...

Bakının ictimai nəqliyyatında sabiq nazir Ziya Məmmədovdan sonra elə bir ciddi dəyişiklik olmayıb- yenə sınıq-salxaq avtobuslar, oturacaq yastığı cırılmış-deşilmiş vəziyyətdə, kart sistemi işləmir, interval bərbad, dayanacaqdan kənarda saxlama halları və s. ilaxır.

Gündəlik marşrutdan istifadə edənlər təsdiqləyər ki, istər şəhərin mərkəzi, istərsə ətraf ərazilərə hərəkət edən avtobusların əksəriyyəti köhnə, baxımsız, dağılıb-tökülmüş haldadır. Təbii ki, “BakuBus” avtobusları yalnız təriflənə bilər, onlar da bütün paytaxtı əhatə etməyiblər.

Belə gözlənirdi ki, Z.Məmmədovdan sonra şəhərin ictimai nəqliyyatına əncam çəkiləcək, pis-yaxşı əl gəzidiriləcək. Amma müşahidələrimiz əksini sübut edir.

Turistlərin axışdığı, fontanlarının, parklarının çoxaldığı, az qala meqapolisə çevrilən Bakıda əhali hələ də ənənəvi marşrut sistemindən xilas olmayıb.  İstəsəniz “Gənclik”, istəsəniz “Neftçilər” metrosundan çıxın, dayanacaqlarda qışqıran konduktorlar, bir-birinin növbəsinə girən sürücülər, hərəkət zolağını zəbt edən avtobuslar, intervalı pozan şoferlər, basabas görəcəksiniz.  İllər keçir, heç nə dəyişmir, avtobuslar müasirləşmir, yenilənmir, o zaman Nəqliyyat Nazirliyinin qərar verdiyi kart sisteminə keçilməyib.

Sürücülər deyirlər ki, bunun yeganə yolu Bakının bütünlüklə “BakuBus” olmasıdır. O da yaxın vaxtlarda mümkün deyil.

Onlar bildirirlər ki, hər marşrut xətti bir sahibkara məxsusdur, bu sektorda total dövlət nəzarəti yoxdur.

Ona görə sahibkarlar köhnə avtobuslar alıb xəttə buraxırlar. Sürücülər deyirlər ki, Z.Məmmədovdan sonra təzə avtobuslar alınmayıb. Bəzi xətlərdə 3-4 avtobus dəyişib, yəni əsaslı yenilənmələr olmayıb.

Bakıətrafı qəsəbələrin marşrut ile ilgili görsel sonucu

Sərnişinlər isə haqlı olaraq deyirlər ki, marşrutda gediş haqqı artırılaraq 30 qəpik oldu: “Amma xidmət səviyyəsi artmadı. Heç bir əsası olmadan marşrut bahalaşdı.  Məntiqlə qiymət qalxırsa, avtobuslar təzələnməlidir, interval intensiv olmalıdır, kart sistemi tətbiq olunmalıdır, iylənmiş, oturacağı sökülmüş avtobuslarda getməməliyik. Bunların hansı oldu?  Şəhərin bəzi avtobuslarında kart sistemi işləkdir. Tarif Şurası deməliydi ki, biz gediş haqlarını bahalaşdırırıqsa, şirkətlər sərnişinin komfortunu nəzərə almalıdır, təzə avtobuslar gətirilməlidir. Bakıda avtobusların çoxu tormoz verib dayananda cırıltı səsi dünyanın o başında eşidilir.  Dayanacaqlardakı elektron monitorlar işləmir, interval deyilən bir şey qalmayıb, köhnə avtobusların şoferləri hələ də sükan arxasında siqaret çəkirlər.

Yəni Ziya Məmmədovdan sonra heç nə dəyişməyib, marşrut sistemi biabırçılıqdır. Yalnız bu problemləri həll edəndən sonra gediş haqlarını qaldırmaq barədə bəlkə danışa bilərdilər”.

“Mən niyə kondisioneri olmayan, cır-cır eləyən, dağılıb-tökülmüş avtobus əziyyət çəkib hər gün işdən evə, evdən işə getməliyəm? Hələ bir 30 qəpik də verməliyəm?  Əgər qiymət artırsa, keyfiyyət də yüksəlməlidir” - deyə 113 nömrəli avtobusdan (Əmircan - Qara Qarayev istiqaməti) gündəlik istifadə edən Vasif şikayətlənir.

Onun dediyinə görə, sürücülərə nəzarət də güclənməlidir. Çünki istədikləri kimi avtobusu idarə edirlər, qəza riski yaradırlar.

Qaydalara görə, iki ildən az təcrübəsi olanlar Bakıda avtobus idarə edə bilməzlər. Amma qanun işləmir. Avtobus qəzalarının çoxalmasının bir səbəbi də budur.

Bundan əlavə, sürücülərin ağzına qədər sərnişinlə dolu avtobusları qapıları açıq vəziyyətdə sürməsi, sınıq-salxaq avtobuslar, dayanacaqlarda bəzən 1 saat avtobus gözləyən sərnişinlər Bakıətrafı qəsəbələr üçün adi mənzərədir.

Əslində Bakıda sərnişindaşımada hökm sürən xaos, bu sahənin faktiki olaraq kriminallaşması Ziya Məmmədovun nazir işlədiyi dövrlərdən miras qalıb.  Bakıda sərnişindaşıma ilə məşğul olan əsas şirkətlərdən biri hələ də onun ailə üzvlərinə məxsusdur. Başqa sözlə, Ziya Məmmədov vəzifədən getsə də irsi hələ yaşayır. Bu sahədə xaosu aradan qaldırmaq üçün yaradılan Bakı Nəqliyyat Agentliyi isə belə görünür ki, xüsusən Bakıətrafı qəsəbələrə sərnişindaşımada vəziyyəti dəyişdirməkdə hələ acizdir.

Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrutların 50 faizdən çoxu təmir olunmalıdır, hətta dəyişdirilməlidir.

Onu da deməliyik ki, paytaxtda bir çox marşrut xətləri bir-birini təkrarlayır. Bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, bu, ekologiyanın çirklənməsi deməkdir.

Ölkə rəhbərliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bakı Nəqliyyat Agentliyi rəhbərliyinin təklif etdiyi qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur.

Hətta ölkə başçısı Bakıda avtobus parkının yenilənməsi üçün 2018-ci ilin  avqustunda 47 milyon 924 min manat ayırıb. Sərəncama əsasən, BNA-ya ayrılan vəsait hesabına 300 ədəd sərnişin avtobusu almalıdır.

Xatırladaq ki, ötən ilin iyul ayında Tarif Şurası Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik etdi.

Qiymətlərin bahalaşmasını aidiyyəti qurumlar xidmət keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirirdi. Aylar keçib, nəticə isə yaxşılığa doğru dəyişmir.../musavat