Bakının mərkəzində yaşayan sakinləri evlərindən küçəyə atırlar - FOTOLAR

15-18 min manatlıq kompensasiyadan imtina edən sakinlər prezidentdən və xanımından dəstək gözləyirlər

“Bizə əmr edirlər ki, kimin evində prezidentin, Mehriban xanımın şəkilləri vurulub, çıxarsın”

“Saleh müəllim bildirdi ki, hörmətli prezidentimiz deyir ki, biz 1500 manatdan bir qəpik də artıq verə bilmərik”
 
Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 25-də yerləşən yataqaxananın sakinləri 4 aydır çox çətin durumla üzləşdiklərini deyirlər. Səbəb isə odur ki, uzun illərdir yaşadıqları yataqxana plana düşdüyündən, onlar evsiz qalır...
Binanın sökülməsində məqsəd ərazidən keçən yolun genişləndirilməsi olduğu üçün, söküntü işləri “Azəravtoyol” ASC-yə həvalə olunub ki, həmin qurumun sədri Saleh Məmmədov sakinlərə mənzilin hər kvadrat metrinə 1500 manat veriləcəyini bildirib. Həmin vəsaitlə özlərinə yeni mənzil ala bilməyəcəklərini deyən bina sakinləri, bu səbəbdən də ayrılan kompensasiyaya etiraz edirlər.
“Hürriyyət”in redaksiyasına gələn bir qrup sakin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevdən,  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər. Onlar xahiş edirlər ki, ya həmin ərazidə bir otaqlı mənzillə təmin olunsunlar, ya da əraziyə uyğun kompensasiya verilsin.
Qeyd edək ki, həmin yataqxanada yaşayan sakinlərin çoxu uzun illər tramvay parkında işləyən, ev növbəsində duran insanlardır. Vaxtilə hökumət onları evlə təmin edə bilmədiyi üçün sonradan qeyd olunan ünvanda yerləşən yataqxanada kiçik kvadratlı mənzillərlə təmin edib. İndi isə həmin insanlar vaxtilə onlara verilmiş kiçik mənzillərindən də küçəyə atılmaq üzrədirlər.

“Bu pul ilə mən nə edə bilərəm?!”

Bina sakini Əliyar Bağışov “Hürriyyət”ə bildirib ki, 18 ildən çoxdur Kövkəb Səfərəliyeva 25 ünvanında yaşayır: “Bizə bildiriblər ki, yeni yolun çəkilişi və abadlıq işlərinin aparılması ilə əlaqədar binanız söküləcək və buna uyğun kompensasiya hesablanıb. Mənim 12 kvadrat sahəsi olan mənzilim var. Mənim evim üçün 16 min 605 manat kompensasiya təyin ediblər. Bu pul ilə mən nə edə bilərəm?! Həyat yoldaşım birinci qrup əlildir. Otaq o qədər kiçikdir ki, bizdə növbə ilə yatırlar. Bizə verilən kompensasiya heç kimi qane etmir”.
 
“Saleh müəllim bildirdi ki, hörmətli prezidentimiz deyir ki, biz 1500 manatdan bir qəpik də artıq verə bilmərik”

Şikayətçi onu da qeyd etdi ki, onlara təklif olunan kompensasiyanın aşağı qiyməti 15 min, yuxarı qiyməti isə 30 min manatdan çox deyil: “Yəni mənzilin kvadratına baxır. Bu verilən pula biz nəinki Bakı şəhərində, ölkənin heç bir yerində yaşayış evi ala bilmərik. Bu aydın məsələdir. Əslində, yataqxana olduğu üçün kompensasiya verilən zaman otağın kvadratı nəzərə alınmır. Baş nazirin müavini Abid Şərifoun qəbulunda olumuşuq. Abid Şərifovun qəbulunda olan zaman bizə bildirdilər ki, 2 il bundan əvvəl “Nargilə” kafesinin yaxınlığında yataqxana sökülüb və hər bir otağa 45 min manat kompensasiya ödənilib. Lakin bu qərar bizə şamil edilmir. Nəzərə alsaq ki, iki il müddətində iki dəfə də devalvasiya olub, onda bu 45 min manat ən yuxarı məbləğə çıxarılmalı və bizə bu qayda ilə verilməli idi.
Biz sonra “Azəravtoyol” servisin rəhbəri Saleh müəllimlə görüşdük. Prezident Aparatından bizi onun üzərinə göndərdilər ki, o, sizi qəbul edəcək. Saleh müəllim bildirdi ki, hörmətli prezidentimiz deyir ki, biz 1500 manatdan bir qəpik də artıq verə bilmərik. Bu yataqxanada 85 ailə yaşayır. Bu kiçik məbləğlə bizə kompensasiya vermək bizi küçəyə atmaq deməkdir. Hörmətli prezidentimizdən, vitse-prezidentimizdən xahiş edirik ki, ədalətli kompensasiya ayrılmasına köməklik etsinlər. Üzümüzü onlara tuturuq və rəsmi şəkildə müraciət edirik. Xahiş edirik ki, heç olmasa bizi bir otaqlı mənzillə və yaxud yaşadığımız əraziyə uyğun olaraq kompensasiya ilə təmin etsinlər”.
 
“Mən xəstə adam hara gedə bilərəm?”

Şikayətçi Elduzə Abbasova isə dedi ki, o, 1984-cü ildən tramvay parkında işləyib: “Ev növbəsinə dayanmışdıq, müharibəyə görə bizim növbəmizi ləğv etdilər. Biz yataqxanada qaldıq. 68 yaşım var, ikinci qrup əliləm. Mən xəstə adam hara gedə bilərəm? Mənə verilən puldan imtina etmişəm. Mən heç nə istəmirəm, yaşadığım ərazidən ev istəyirəm. Mən tək adamam, anam, dədəm qardaşlarım ölüb,  balalarımın ikisini də itirmişəm, heç kimim yoxdur. Məni nəzərə alsınlar. Xahiş edirəm prezidentimdən, Mehriban xanımdan mənə bir otaq versinlər. Mənə verilən pul məni qane etmir. 22 kvadrat metr sahəsi olan mənzilim var, mənə ayrılan pula ev ala bilmərəm. Mən hökumətimdən bir otaqlı hazır ev istəyirəm”.

“Biz Mehriban xanıma, İlham Əliyevə arxalanırıq”

Şüşəxanım Ələkbərova da tramvay parkında işlədiyini qeyd etdi: “Mən də o binada yaşayıram, indi məni çölə atırlar. Artıq dərəcədə xahiş edirəm hökumətimdən, prezidentimdən, xanımından mənə ya yaşadığım ərazidən ev, ya da yaşadığım binaya uyğun qiymətini versin. Mənə 85-90 min manat versin ki, 28-may ərazisində evimi alım. Mən prezidentdən razıyam, biz prezidentin arxasında dayanmışıq. Ona görə də, həmişə seçkilərdə birinci səs vermişik. Birinci səsi gəlib yataxanadan yığıblar, hamımız ona səs vermişik. İndi yataqxana plana düşür, icra başçısı gəlib bir söz demir. Deyir prezidentin əmridir ki, bunları qırağa tulla. Prezident ömründə deməz ki, bunları qırağa tulla. Biz prezidentdən arxayınıq. Hər yanda müharibədir, prezident bizə çörək verir. Biz icra tanımırıq. Biz Mehriban xanıma, İlham Əliyevə arxalanırıq, vəssalam”.

“Biz 85 nəfər ailənin adından danışırıq” 

Digər şikayətçi Rəfail Heydərov qeyd etdi ki, 1989-cu ildən həmin binada yaşayır: “Özüm də tramvay parkında işləmişəm. Xanım dediyi kimi, ev növbəsi dağıldı, bizə yaşmağa o binanı təyin etdilər, biz də orada həmin vaxtdan yaşayırıq. 4 nəfərlik bir ailə ilə bir otaqlı evdə yaşayırıq. İndi də birdən-birə gəlib, xəbərdarlıqsız sakinlərdən heç bir nümayəndə təyin etməmiş ölçdülər. Bir də gətirdilər kağız verdilər ki, filankəsə 30 min, filankəsə 15 min manat kompensasiya düşür. Bizim ərazi ən bahalı ərazi sayılır. Cammaat da arxayın idi ki, elə bir kompensasiya veriləcək ki, həmin ərazidən bir otaqlı ev ala biləcək. Biz 85 nəfər ailənin adından danışırıq.  Prezident Aparatına, Nazirlər Kabinetinə getmişik, bizi ya arxayın edirlər, ya da heç bir rəsmi bildiriş yoxdur. Təkcə rəsmi surətdə “Azəravtoyol” servisdən bildiriş gəlib ki, sizin yaşadığınız ərazinin qiyməti budur”.
 
“Kim bizi eşidirsə, bu xəbəri prezidentə çatdırsın ki, biz evimizi istəyirik, bizi küçəyə atırlar”

R. Heydərov onu da əlavə etdi ki, rəsmi şəxlər qiymətləndirmədə onları aldadıblar: “Yerli insanlardan nümayəndə təyin olunmayıb. Biz şəhərin mərkəzində ola-ola bizə çox az miqdarda kompensasiya təyin ediblər, halbuki kənar rayonlarda yataxanalarda bir otaqlı mənzillərə 45-50 min pul veriblər. İnflyasiyanın olduğu bir zamanda isə bizə 15-30 min arası kompensasiya verirlər. Bu necə haldır, mən başa düşə bilmirəm. Hökumətimizdən, prezidentimizdən, birinci xanımdan xahiş edirik ki, bizi evlə təmin etsin, ümidimiz onlara qalıb. Bizim fikrimizi onlara çatdırmırlar. Bu məsələ onlara çatsa, prezidentimiz öz xalqını darda qoymaz. Çünki o, hamımzın prezidentidir. Bunu hamının adından demək istəyirəm. Prezidentin, birinci xanımın şəkillərinin yarısını çıxartdılar. Sonra gördülər ki, telefonla çəkiliş gedir, ərazidən uzaqlaşdılar. Əksəriyyət şəkilləri yapışdırıb. Biz varlanmaq istəmirik. Sadəcə, ya bu mənzillərin əvəzinə, bu ərazidən bizə ev versinlər, ya da elə bir kompensasiya versinlər ki, o pulla şəraitimizi qura bilək. Nəyi də tələb edəndə prezidentin adından danışırlar. Biz də çox əminliklə dedik ki, prezidentin bu işdən xəbəri yoxdur. Xahiş edirik, kim bizi eşidirsə, bu xəbəri prezidentə çatdırsın ki, biz evimizi istəyirik, bizi küçəyə atırlar”.

“Həmin məbləğə biz nəinki bir otaqlı ev, heç toyuq hini də ala bilmərik”

Şikayətçi Yusifova Mətanət də dedi ki, 1981-ci ildən idarə ləğv olunana qədər tramvay parkında işləyib: “Bu yataqxana veriləndən bu ünvanında yaşayırıq. Hazırda onlar bizə hər kvadarta 1500 manat  kompensasiya təklif ediblər. Həmin məbləğə biz nəinki bir otaqlı ev, heç toyuq hini də ala bilmərik. Bu yaşda biz necə edək?! Yaşımız keçib, hamımız xəstəyik. Nazirlər Kabinetinə, Prezident Aparatına, İcra Hakimiyyətinə - hara gedirik bizi futbol topu kimi bir-birinin üstünə ötürurlər, sanki bizimlə oynayırlar. Elə bil ki, futbol topuyuq.  Bu qədər sakini əllərində oynadırlar. Başa düşə bilmirəm, biz neyniyək?! Dərdimizi kimə söyləyək?! Prezidentimizin şəkillərini mənzillərimizə, bloklara vurmuşuq, onu da gəlib sökürlər. Birinci mərtəbədə xeyir-şər evi var idi, oradan da prezidentin şəkillərini sökdülər. Bloklara yazmışdıq ki, binanı sökürsünzsə, bizi küçəyə atmayın, hamısını sökdülər. Bunlar bizə əmr edirlər ki, kimin evində prezidentin, Mehriban xanımın şəkilləri vurulub, onları çıxarın. Mənim evimdə də var, mənə də əmr edirlər ki, şəkilləri çıxar. Dedim, niyə çıxarmalıyam, bizim prezidentimizdir, ona güvənirik. Həmçinin Mehriban xanıma da güvənirik. Bəlkə heç onların xəbərləri yoxdur. Biz neyniyək?! Biz Mehriban xanımın qəbuluna getdik, bizi qeydiyyatdan keçirmədilər, dedilər ki, gələn ayın 9-dan sonra gələrsiniz. O, elə bir xanımdır ki, kim hansı şikayətə gedir, həll olunur. Ancaq göndərdiyimiz məktublar ona çatmır. Mehriban xanım bizim səsimizi eşitsə, problem həll olunacaq. Ancaq “cibgirlər” imkan vermirlər.  Biz əlacsız vəziyyətdə qalmışıq. Bunlar camaatı Prezidentə, Mehriban xanım qarşı qaldırırlar. Onların adından istifadə edirlər ki, onların verdiyi məbləğ bir kvadrata 1500 manatdır. Bu, həyət evlərinə şamil olunduğu halda, yəqin ki, bizdə mənzillərin sahəsi az olduğu üçün kvadratla hesablanmır. Bilmirik indi biz neyniyək?!”

“18 min manatı ayıran adam bilmir ki, bu pula heç nə almaq olmaz”

Şikayətçi Elmira İbrahimova isə dedi ki, onun evi üçün 18 min manat pul ayırıblar: “Bu 18 min manatı ayıran adam bilmir ki, bu pula heç nə almaq olmaz. Mənim yoldaşım, oğlum, qızım yox, mən tək adamam. Həyət evində qala bilmərəm. Bir də ki, o məbləğlə  nə həyət evi, nə də bina evi almaq olar”.
 
Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.