BAKININ MƏRKƏZİNDƏ DAHA BİR ETİRAZ AKSIYASI KEÇİRİLDİ - "Qadına şiddətə yox!"

Baxış sayı:
8139

Bakının mərkəzində bir qrup ictimai fəal "Dözmə, yürüş et" adlı aksiya keçirib. Yürüş iştirakçıları məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb etdiklərini bildiriblər. Yürüşdə "Qadına şiddətə yox!", "Qadın qətlləri siyasidir", "Elinaya susma!", "Erkən nikahlara yox!", "Ailə məsələsi deyil", "Konvensiyanı rədd etmə, qadınları qətl etmə!" şüarları səsləndirilib. Polis ilk öncə yürüşü dağıtmağa çalışıb və aksiya iştirakçılarının əllərindən şüarları dartıb. Bir müddət sonra isə ara küçələrin birində yürüş iştirakçılarının bəyanat oxunmasına imkan verilib. Yürüş iştirakçıları Azərbaycanın qadın hüquqlarının müdafiəsini dəstəkləyən İstanbul konvensiyasının imzalamasını, qadınlara qarşı zorakılıq hallarına daha ciddi yanaşılmasını tələb ediblər. Yürüş zamanı bir neçə iştirakçı polis və mülki geyimlilər tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırılıb. Polis sonradan onların buraxıldığını deyib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya "yürüş zamanı saxlananların olmadığını, bütün iştirakçıların sərbəst buraxıldığını" deyib. Yerli mətbuatda gedən xəbərlərin monitorinqinə görə, bu ilin yanvarından indiyədək 80-dən çox qadın ailə üzvləri tərəfindən ya öldürülüb, ya da ağır bədən xəsarətlərinə məruz qalıblar. "Biz, "Dözmə! Yürüş et!" yürüşünün iştirakçıları Azərbaycanda mütəmadi şəkildə baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, qadınlara qarşı məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara, təzyiqlərə qarşı etiraz edirik, - yürüş təşkilatçılarının bu gün yaydığı rəsmi bəyanatda deyilib. - Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik.Biz bəyan edirik ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər qadınların hüquqlarını qorumalı olan hüquq-mühafizə sistemində və digər dövlət strukturlarında da hakimdir. Bəyan edirik ki, Azərbaycanda mövcud olan hazırki qanunvericilik qadınların müdafiəsi üçün yetərli qabaqlayıcı tədbirləri əhatə etmir və təkmilləşdirilməlidir". "Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası" Azərbaycan tərəfindən imzalansın və ratifikasiya edilsin", - bəyanatda deyilib. Ailə, Qadın və Uşaq Dövlət Komitəsi məişət zorakılığlnın qarşısının alınması üçün Milli Fəaliyyət planın hazırlandığını bildirib./bbc