​Bakının bir hissəsində yüzlərlə ailə ev-eşiyini tərk edib – FOTOLAR

Baxış sayı:
3982

Zığ qəsəbəsində, həmçinin Zığ şossesində uzun illərdir sürüşmə müşahidə edilir. Sürüşmə nəticəsində ərazidə olan evlər çatlayır, uçub-dağılır. Bu ərazidə sürüşmə daha çox payız-qış aylarında özünü göstərir. Həmin fəsillərdə yağıntının miqdarı artdığına görə torpaq doyur və sürüşmə intensivləşir. Yayda isə havalar isti olduğu üçün torpaq quruyur, sürüşmə passivləşir.
Sputnik Azərbaycan-ın əməkdaşı bu günlərdə yolunu Zığ qəsəbəsindəki sürüşmə ərazisindən salıb. Ətraf sakitlik olsa da, yaxınlıqda sürüşmə zonasında yerləşən 5 mərtəbəli binanın iki blokunu təmir etməyə çalışan fəhlələrin ara-sıra səsi gəlirdi.
Binanın təmirdə olan iki bloku tamamilə sıradan çıxdığından yaşayış yoxdur. Yaxınlıqda tikilmiş bəzi fərdi evlərin sakinləri də köçüb gedib.
Sakinlərinin sözlərinə görə, burada sürüşmə 6-7 il əvvəl müşahidə edilməyə başlayıb. Elə bu səbəbdən də təhlükə ilə üz-üzə qalan yüzlərlə ailə evlərini qoyub gedib.
 “Düşünmürəm ki, buraya müdaxiləsi ilə nəsə etmək olsun. Çünki bu, təbiət hadisəsidir. Bunun qarşısını almaq mümkün deyil. Sadəcə prosesi yavaşlatmaq mümkündür. Buna görə da buradakı insanları tamamilə köçürmək lazımdır”, — deyir yaxınlıqda yaşayan Samir Əmiraslanov.
Qəsəbə sakini bildirir ki, ərazidə yeni evlər tikilməsə belə, burada yaşayan insanların istifadə etdiyi su, həyətlərin suvarılması və s. torpağı yumşaldır və sürüşməyə zəmin yaradır. O, təklif edir ki, ərazinin tamamilə boşaldılması və orada böyük bir yaşıllıq zolağının salınması yaxşı olardı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov açıqlamasında deyir ki, Zığ sürüşmə zonası illərdir var: “Həmin ərazidən tektonik qırılma xətti keçir. Həmin xətt Suraxanı yolunun üzərində yerləşən “Lukoil” deyilən yanacaqdoldurma məntəqəsi ərazisindən başlayıb, Günəşli yaylası deyilən ərazidən keçərək Qum adasına qədər uzanır”.
 “Tektonik qırılma xətti boyunca inşa edilmiş evlərin əksəriyyətində çatlar, çökmə prosesləri baş verib. Bu prosesləri ərazidə olan evlərin hamısında görmək mümkündür. Biz özümüz də əraziyə baxış keçirmişik”, — ekspedisiya rəisi bildirir.
Ə.Qaralovun sözlərinə görə, tektonik qırılma olduğuna baxmayaraq ki, layların axımı 15 C altında Əhmədli qəsəbəsi tərəfədir. Hövsan qəsəbəsinə baxan hissəsində, yamacın sərt relyeflərlə müşahidə edilən istiqamətlərində yerləşən evlərdə də çoxsaylı deformasiyalar var.
Qurumun rəisi bildirir ki, son zamanlar həmin ərazidə həm geoloji cəhətdən (yamacın maili olması), həm də həddən artıq yüklənmə (vətəndaşlar tərəfindən çoxsaylı evlərin tikilməsi yamacın kəsilməsi, yamacın dayanıqlığının itirilməsi) sürüşməni bir qədər də aktivləşdirib: “Son zamanlar ərazidə mütəmadi olaraq sürüşmə müşahidə edilir. Yəni elə bir ay yoxdur ki, sürüşmə ərazisinin dinamikliyində aktivlik müşahidə edilməsin. Daimi sürüşmə müşahidə edilir”.
 “Bir neçə il əvvəl ərazidə 100-dən artıq qəzalı vəziyyətdə olan evlərin siyahısı götürülüb. Həmin evlərdə yaşamaq artıq mümkün deyildi. Sakinlərə dövlət tərəfindən Hövsan ərazisində yer verildi” — deyir müsahibimiz.
Nazirlik rəsmisinin sözlərinə görə, həmin sakinlər verilən ərazidə öz hesablarına ev tikib yaşaya bilərlər: “O ərazinin dənizə tərəf olan hissəsində bir neçə 5 mərtəbəli bina inşa edilmişdi. Həmin binalarda da çökmə prosesi davam edir. Orada 5 mərtəbəli binaların birinin yanında istinad divarları tikildi”.
Sonda Qaralov vurğulayır ki, sürüşmənin baş verməməsi üçün təbiətə müdaxilə edilməməlidir: “Yamacın kəsilməsi, yüklənməsi daha çox qış aylarında böyük ölçülü sürüşmələrə səbəb ola bilər. Buna görə də vətəndaşlar diqqətli olmalıdırlar”.