Bakının “5 addımlığında” 3 ildir qaranlıqda yaşayırlar - FOTOLAR

Baxış sayı:
4939

Abşeron rayonunun Məhəmmədi qəsəbəsində, “Yanardağ” Dövlət Qoruğunun yaxınlığında yeni salınan məhəllənin sakinləri illərdir qaranlıqda yaşamağa məhkum olunublar.

Bu haqda “Yeni Sabah”a şikayət edən sakinlər bildirirlər ki, illərdir onlar burada yaşasalar da, Azərişıq məhəlləni elektriklə təmin etmir. Məhəllədə 20 ev tikilib, lakin işıq və qaz olmadığından onlardan 10-u ümumiyyətlə köçməyib. İmkansızlıqdan köçən 10 ailə isə elektrik olmadan yaşamağa məcburdurlar.

Əhliman Ağacanov deyir ki, dəfələrlə “Azərişığ”a müraciət edilib: “Amma hər dəfə deyirlər ki, əsas xətt uzaqdadır, onun çəkilməsi üçün 8 min manat pul tələb olunur. Qaz yox, işıq yox, bu yaşayış yaşayış deyil. İndi hansı dövrdür ki, biz qaranlıq düşən kimi yatırıq. Gedib bazarlıq edirik, qalıb xarab olur. Gərək çatan kimi yeyək. Şamla, çıraqla nə qədər yaşamaq olar. Körpə uşaqla ailələr üçün lap çətindir. Biz it zülmü çəkirik. 

Qışda ümumiyyətlə çətin olur. Bizə deyirlər ki, qanunla 400 metrdən uzaq olanda sakinin öz hesabına çəkilməlidir. Amma axı transfarmatordan bizə 400 metrdən azdır. Necə olur, yanımızdakı məhəlləyə işıq çəkirlər, amma bizə yox. Pul olsa, günü bu gün çəkərlər”.

Evin xanımı isə deyir ki, gecə zülmətdə qalmaq çox çətindir. “50 metr o tərəfdə bütün evlərdə işıq var, amma bizdə yoxdur. Pul istəyirlər. Axı biz fəhləliklə özümüzü güclə dolandırırıq”. 

Digər qonşu Elməddin Əliyev isə bildirib ki, işıq və qaz olmadığı üçün digər qonşular bir müddət yaşadıqdan sonra kirayəyə köçməli olublar: 

“İşıq çəkmək üçün biri deyir 5 min ver, o biri 8 min. Mənim elə pulum olsa, evimi normal tikərdim, belə yarımçıq olmazdı. 3 uşağım var və bu şəraitsizlikdə çox çətindir. Deyirlər ki, 400 metrdən uzaqdır. Amma axı işıq bizim 100 metrliyimizə kimi gəlir. Lap 400 metr olsa da, oradan bura xətt çəkməyin qiyməti 8 min manat ola bilməz”.

 

Bakının “5 addımlığında” 3 ildir qaranlıqda yaşayırlar -
 
Bakının “5 addımlığında” 3 ildir qaranlıqda yaşayırlar -
 
Bakının “5 addımlığında” 3 ildir qaranlıqda yaşayırlar -
 
Bakının “5 addımlığında” 3 ildir qaranlıqda yaşayırlar -