Bakıdan olan erməni “qaçqın” və dörd nəfər Azərbaycan vətəndaşı ABŞ-da dələduzluğa görə həbs olunub

Baxış sayı:
7990

Azərbaycan qaçqını kimi ABŞ-da vətəndaşlıq almış 44 yaşlı Armen Simonyan tibbi kartlar ilə dələduzluğa, naktotik maddənin qanunsuz dövriyyəsi və qanunsuz vətəndaşlıq aldığına görə Los Anjeles polisi tərəfindən həbs edilib.

İttihamnamədə deyilir ki, Simonyan ABŞ-a 15 il öncə başqasının sənədlərilə gəlib. O, qarışıq ailədən (erməni-azərbaycanlı) olduğunu və valideynlərinin Azərbaycanda öldürüldüyünü bildirib.

İstintaq müəyyən edib ki, Simonyan Ermənistanda anadan olub, valideynlərinin hər ikisi ermənidir və sağdır.

Məhkəmə bu saxtalaşdırmaya görə Simonyanı Amerika vətəndaşlığından məhrum edə bilər, ABŞ Ədliyyə Nazirliyinin Turan agentliyinin sorğusuna cavabında bildirilir.

Mənbə qeyd edib ki, 2017-ci ildə Simonyan 2 mln. güclü təsiredici həb (oksikodon və hidrokodon) satışına görə məsuliyyətə cəlb edilib.

Simonyan təqsirli bilinərsə 20 ilədək həbs cəzası ala bilər.

Həmçinin ABŞ Ədliyyə Nazirliyinin cavabında dörd nəfərin adı çəkilir. Onlar Azərbaycan vətəndaşlarıdır, dələduzluq və pulların yuyulmasına görə həbs olunublar. Bunlar gənclərdir və keçmiş SSRİ-dən olan şəxslərdən ibarət 25 nəfərlik qrupa daxildir.

İstintaq onların soyadlarını açıqlayıb: Mehdiyeva (23 yaş), Cavadzadə (30 yaş), İmamverdiyev (30 yaş) və Bağır-Pur (24 yaş). İttiham olunanların adları tam açırlanmır, çünki hələ məhkəmə onları təqsirli bilməyib.

Qrupun 25 üzvü Manhetten Federal Məhkəməsi tərəfindən ABŞ ərazisində avtomobil satışı zamanı çoxmilyonluq dələduzluq və vətəndaşların 4,5 mln. dollar məbləğində aldadılmasında ittiham olunurlar.

11 müttəhim Nyu-Yorkda, qalanları ABŞ-n müxtəlif şəhərlərində həbs olunub. Onları 20 ilədək həbs cəzası gözləyir.