Bakıdan İstanbula gediş haqqı 100 manat, İstanbuldan Bakıya 85 manat – BU TƏZAD NƏ İLƏ BAĞLIDIR?

Baxış sayı:
9004

Natiq Cəfərli: “Nəzərə alınmamamış xərclərin çoxluğu və rəqabətsiz mühit qiymətlərin bahalaşmasına səbəb olur” “Azərbaycanda bu sahədə inhisarçılıq var” Türkiyənin İstanbul şəhərinə beynəlxalq avtovağzaldan yola düşən avtobusların gediş haqqının 100 manat, elə həmin avtobuslarla oradan Bakıya dönüş qiymətinin isə 85 manat olması haqlı olaraq sərnişinlərin narazılğına səbəb olub. Bu barədə oxucularımız tərəfindən redaksiyamıza ünvanlanan məktubda da aşkar narazılıq bildirilir. Məktubda deyilir: “Bu yaxınlarda etdiyim səyahət zamanı rastlaşdığım bir fakt məndə istər-istəməz bir sıra suallar doğurdu və onlara cavab tapmaq istəyi yaratdı. Belə ki, Tiflisdən İstanbula gediş haqqı Bakıdan az qala 2 dəfə ucuzdur. Benzinin Türkiyədə bizdən 2 dəfə artıq baha olmasını və həmin avtobusların türk firmalarına məxsus olmasını düşündükcə, buradan gedən sərnişinlərdən alınan əlavə 15 manat reket yığımı, töycü-xərac təsəvvürü yaradır. Bu məsələni araşdırıb, ona aydınlıq gətirməyinizi xahiş edirəm”. “Qiymətlər bir mərkəzdən idarə olunur” Məsələyə aydınlıq gətirən iqtisadçı Natiq Cəfərli dedi ki, Gürcüstanda da, Türkiyə də fəaliyyət göstərən şirkətlərin rəqabətli mühit şəraitində fəaliyyət göstərdiyi məlumdur. Bu rəqabətli mühit həmin şirkətləri məcbur edir ki, daha ucuz və daha keyfiyyətli xidmət üçün mübarizə aparsınlar, müştəri qazanmağa çalışsınlar: "Görünən odur ki, Azərbaycanda bu sahədə müəyyən inhisarçılıq meylləri var. Sanki qiymətlər bir mərkəzdən idarə olunur. Baxmayaraq ki, bunu müxtəlif şirkətlər həyata keçirirlər, amma sanki razılaşdırılmış bir qiymət siyastəi aparırlar. Ona görə də ciddi rəqabətli mühit nəzərə çarpmır. Səbəblərdən biri bu, ola bilər”. “Azərbaycanda şirkətlər nəzərə alınmamış yol xərclərini də bilet qiymətlərinin üzərinə gəlirlər” “İkinci səbəb isə odur ki, Gürcüstanda və Türkiyə ərazisində yol polislərinə hər hansı bir formada rüşvət vermək və yaxud müəyyən problemləri rüşvət hesabına həll etmək mümkün deyil. Gürcüstanda artıq 15 ildən çoxdur ki, belə bir praktika yoxdur. Türkiyə ərazisində isə insan rüşvət təklif etsə, özünə problem yarana bilər. Azərbaycanda sanki şirkətlər nəzərə alınmamış yol xərclərini də bilet qiymətlərinin üzərinə gəlirlər ki, əgər yolda nəzərdə tutulmamış hər hansı ödənişlər həyata keçirsələr, onların gəlirlilik səviyyəsində problem yaşanmasın. Ona görə, nəzərdə tutulmayan xərcləri də bilet qiymətlərinin üzərinə gəlirlər və nəticə etibarilə də biletlərin qiyməti digər qonşu ölkələrə nisbətən kifayət qədər baha olur. Təbii ki, sual meydana çıxır ki, biletlərin maya dəyərinin az qala yarısını yanacağın qiyməti təşkil etdiyi və Azərbaycanda yanacağın qiyməti ucuz olduğu halda, niyə Azərbaycanda biletlər bahadır? Azərbaycanda yanacağın qiymətinin, əsasən də dizel yanacağnın Gürcüstana nisbətən 2 dəfə, Türkiyəyə nisbətən 3 dəfədən çox ucuz olmasına baxmayaraq, bizdə nəzərə alınmamamış xərclərin çoxluğu və rəqabətsiz mühit qiymətlərin bahalaşmasına səbəb olur. Bildiyimiz kimi, sərnizşindaşımada da əsasən dizel maşınlarından istifadə olunur”,-deyə iqtisadçı əlavə etdi. “Özəl şirkətlərin çoxu hansısa məmurlara, vəzifə sahiblərinə bağlı olur” Cəfərli onu da qeyd etdi ki, sərnişindaşımada bizdə özəl şirkətlər fəaliyyət göstərir: “Dövlətin beynəlxalq daşımalarda iştirak edən şrikəti yoxdur. Amma çox təəssüf ki, bizdə özəl şirkətlərin çoxu hansısa məmurlara, vəzifə sahiblərinə bağlı olur. Rəqabətsiz mühit də ondan doğur”. Şamo EMİN