Bakıdakı restoran və şadlıq evləri insanları zəhərləyir... - EKSPERT

Azərbaycanda spirtli içkilərə tələbat az deyil. Ölkədə həm yerli istehsalı olan, həm də başqa ölkələrdən idxal edilən içkilərdən istifadə olunur. Bununla yanaşı, satışa kifayət qədər saxta spirtli içkilər də yol tapır. Xüsusən də əksər restoran və şadlıq evlərində verilən spirtli içkilərin saxta olması barədə müəyyən fikirlər səsləndirilir. Müşahidələr də göstərir ki, şadlıq evləri və restoranlarda keçirilən toy mərasimləri zamanı masalara elə spirtli işçkilər düzülür ki, onları satışda görə bilməzsən. İddia olunur ki, restoranların zirzəmilərində hazırlanan həmin içkilər sağlamlıq üçün də təhlükəlidir.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, bazarın ən zibillənmiş sektoru məhz spirtli içkilərin satıldığı sahəsidir.
“Azad İstehlakçılar Birliyi 18 ildir spirtli içki bazarının bərbad vəziyyətdə olduğunu deyrl. Restoranlarda təhlükəli içkilər təklif olunur. Bunun sübutunu bu yaxınlarda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sübut etdi. 20 gün bundan öncə onlar böyük mütəşəkkil dəstə həbs etdilər. Məlum oldu ki, Azərbaycanda istehsal olunan spirtli içkilərin təxminən 70 faizi əldəqayırmadır, hətta bəzən etil spirtindən istifadə edilir, bəzən də aseton qarışdırılır”.
 E. Hüseynov deyib ki, yalnız restoranlarda, şadlıq evlərində deyil, ən tanınmış otellərdə də saxta spirtli içkilər verilir.
 “Bir çox restoranların, otellərin zirzəmisində spirtli içki hazırlamaq üçün şərait yaradılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatından sonra məlum oldu ki, bir qrup insan şüşə qabları yığır, Gürcüstan, İrandan gətirilən təhlükəli spirti qarışdırıb qablaşdıraraq, ayrı-ayrı yerlərə paylayır. Bir çox şadlıq evlərində saxta spirtli içkilər hazırlanaraq, masalara düzülür. Ən çox məşhur brendlərin qablarından istifadə edərək onları baha qiymətə müştəriyə sırıyırlar. Nəzarət qurumlarının buna qarşı fəaliyyəti çox zəifdir. Bizə də saxta içkilərlə bağlı bir neçə dəfə müraciət olunub. Araşdırma zamanı məlum olub ki, içkilər saxtadır. Bu sahəyə nəzarət edən qurum normal fəaliyyət göstərsə, vəziyyət belə olmaz. 9 mərtəbəli binada 144 ştatla çalışan dövlət qurumu yuxuya getməməlidir”.