Bakıdakı nəticə Yurçeviçə hədiyyə edildi? – Xorvat jurnalist maraqlı faktlara toxundu

Baxış sayı:
4444

Avro-2020-nin seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Xorvatiya (1:1) matçında millimizin dünya ikincilərindən xal alması xeyli söz-söhbətə səbəb oldu. Çoxları düşünür ki, millimizin baş məşqçisinin xorvat olması da bu məsələyə təsir göstərdi. Yəni, biz onlardan xal almadıq, onlar bizə xalı hədiyyə etdilər. “Məncə, xorvatlar Yurçeviçin xətrinə dəymədilər. İstədilər ki, bir xorvatın xətrinə dəyməsinlər", - deyə millimizin sabiq futbolçusu Mahir Şükürov da qazanılan bir xalın təəccüblü olduğuna işarə vurmuşdu.

Bəs Xorvatiyanın idman camiəsi, mətbuatı bu məsələyə necə yanaşır?  Bununla bağlı Xorvatiyanın çoxtirajlı qəzetlərindən olan "Veçerny list"in idman yazarı Jelyko Yankoviçlə söhbətləşdik. “Yeni Sabah”a danışan xorvat həmkarımız həmin 1 xalın N. Yurçeviçə hədiyyə olduğuna inanmadı və bunu gülüşlə qarşıladı: 

“Əlbəttə ki, burada hansısa hədiyyədən söhbət belə gedə bilməz. Bunun  Xorvatiya Futbol Federasiyası ilə heç bir əlaqəsi də yoxdur. Azərbaycan Xorvatiya qarşısında haqq etdiyi bir xal qazandı. Nikola Yurçeviçin qurduğu oyunun da bu xalın qazanmasında rolu var. Burada hər hansı fəlsəfə axtarmağa ehtiyac yoxdur”.

O, Xorvatiya futbol ictimaiyyətinin və mətbuatının bu nəticəyə görə millini tənqid atəşinə tutmadığını deyib: “Təəccüblüdür ki, Azərbaycanla heç-heçə Xorvatiya futbol ictimaiyyəti və mətbuatı tərəfindən tənqid olunmadı. Azarkeşlərimiz də bilir ki, əsl Xorvatiya millisi Slovakiyaya qarşı oynayandır. Mənim fikrimcə, biz sizin milli komandanı bir az ciddiyə almadıq. Digər tərəfdən, milli komandamızda 8-ə yaxın futbolçunun virusa yoluxduğu və həmin matçda xəstə olduğu deyilir. Bu da əsas səbəb ola bilər. Hər halda, biz bu heç-heçəni gözləmirdik. Qol buraxandan sonra bu oyunu qazana bilməyəcəyimiz aydın oldu. Hətta bir anlıq məğlubiyyətə doğru getdiyimizi də düşündük. Rəqibin kimliyindən asılı olmayaraq, belə böyük komandadakı ruh düşkünlüyü maraqlı idi”.

Xorvat həmkarımız N. Yurçeviçin Azərbaycan millisindəki karyerası ilə bağlı da müsbət fikirlər səsləndirib: “Nikola Yurçeviç uzun müddət Slaven Biliçlə öyrəndi. Sonra o, karyerasına tək davam etməyi qərara aldı. Hesab edirəm ki, onun dəstəyə ehtiyacı var. Düzdür, onun futbolu yaxşı bildiyini gördük. Çünki son Dünya kubokunun finalçısı büdrədildi. Hesab edirəm ki, ağlı olan Yurçeviçi dəstəkləyər. Hər şeydən əvvəl, Yurçeviç yaxşı insani keyfiyyətlərə malik biridir və o, yaxşı baş məşqçi olacaq”.

Jurnalist N. Yurçeviçin qrupda 5 oyuna 1 xal qazanmasının onun karyerası üçün uğursuzluq olub-olmaması məsələsi ilə bağlı da fikir bildirib:

“Bir xal yaxşı deyil. Lakin məsələyə digər tərəfdən yanaşaq, çox böyük komandalar komanda şəklində mübarizə aparır. Əminəm ki, Yurçeviç sizin komandanızın oyununa müsbət dəyişiklik gətirəcək. O sizinlə komandaya xarakter gətirə bilər. Çünki onun güclü oyun xarakteri var”.