“Bakıdakı erməni kilsəsi erməni cinayətlərini əks etdirən muzeyə çevrilməlidir” – TARİXÇİ ALİM

Baxış sayı:
370

Türkiyədə Aya Sofyanın məscidə çevrilməsindən sonra Bakıda yerləşən erməni kilsəsinin statusu ilə bağlı məsələ də aktullaşıb. Kilsə bu günə qədər qorunub saxlanılır, amma bundan sonra erməni kilsəsinin taleyi necə olacaq? Azərbaycan bu məsələdə hansı addımlar atmalıdır, erməni kilsəsinin statusu ilə bağlı hansı tarixi qərar verilməlidir?

Muxalifet.az xəbər verir ki, “Azsiyasət.com” bununla bağlı AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Cəbi Bəhramovun fikirlərini öyrənib.

C.Bəhramov bildirib ki, bu, olduqca ciddi məsələdir və bir tarixi faktı nəzərinizə çatıdırım ki, Bakıda yerləşən həmin bu erməni kilsəsində 1918-ci ildə azərbaycanlılara qarşı cinayətlər planı hazırlanmışdı:  

“Ermənilər bizim işğal altında olan torpaqlarımızda yerləşən abidələri dağıdırlar, amma biz belə addım ata bilmərik. Bu, bizim həm psixologiyamıza, həm də mentalitetimizə uyğun olan məsələ deyil. Mən təklif edirdəm ki, Bakıdakı erməni kilsəsini muzeyə çevirib ermənilərin törətdikləri bütün cinayətləri tarixi xronoloji ardıcıllıqla göstərmək lazımdır. Eyni zamanda, erməni Qriqoryan kilsəsinin xalqımıza qarşı cinayətlərini göstərən faktları burada göstərməliyik. Bakının mərkəzində belə bir kilsə indiyə kimi qorunub saxlanılıb, amma bundan sonra bu kilsədə ermənilərin vəhşiliyini, barbarlığını, ermənilər haqqında dünyanın müxtəlif ən tanınmış insanlarının dedikləri fikirləri əks etdirən bir muzey təşkil etmək lazımdır. Ölkəmizə gələn qonaqlar, dövlət başçıları da həmin muzeyə gətirilməli, tarixi faktları bu muzeydə öz gözləri ilə görməlidirlər”.

C.Bəhramov Azərbaycan mədəniyyət abidələrinə qarşı həyata keçirilən terror hadisələrindən də danışıb:

“Məsələn, hansı nöqteyi-nəzərdən İran izah edə bilər ki, qədim Azərbaycan şəhəri İrəvandakı Göy məscid fasr məscididir? Axı bu hansı məntiqə sığır? Həmin ərazidə farslar heç vaxt yaşamayıblar. Şuşadakı Gövhər Ağa məscidini hansı adla fars məscidi kimi təmir edərək təmir etdirmək istəyirlər? Bu, bir çox istiqamətlərdə cinayətdir, Azərbaycan xalqının mədəniyyətinə qarşı cinayətdir”.

C.Bəhramov Aya Sofyanın məscidə çevrilməsi məsələsinə də toxunub:  

“Mən bu yaxınlarda oxudum ki, yunanlar deyirlər ki, türklər qədər bu abidəni heç kəs qoruyub saxlaya bilməzdi. Türklər yüksək mədəniyyət nümunəsi kimi onu qoruyub saxlayıblar. Aya Sofya ilə bağlı verilən qərarda da göstərilir ki, istənilən şəxs gəlib orada ibadət edə bilər. Bu, tolerantlıq nümunəsidir. Bizim dövlət də bütün abidələrə tolerantlıq mövqeyindən yanaşır. Bir daha deyirəm ki, erməni kilsəsi muzeyə çevrilməli, errmənilərin təkcə azərbaycanlılara qarşı deyil, eləcə də, digər xalqlara qarşı həyata keçridiyi cinayətlər orada nümayiş etdirilməlidir”.