Bakıdakı “Armani” şirkətinin ermənilərlə nə əlaqəsi - təfərrüat

Baxış sayı:
7150

“Armani”nin Bakıda 9 mağazası fəaliyyət göstərir ki, onların da hamısı şəhərin mərkəzində yerləşir
Məşhur “Armani” firmasının erməni sözünün dəyişilmiş şəkli olması ilə bağlı iddia yenidən gündəmə gəlib. Belə ki, bu barədə modern.az saytında dərc edilən məqalədə iddia edilir ki,  İtaliya istehsalı kimi “Armani” adı ilə satılan pal-paltarların satışından əldə edilən yüz minlərlə dollar italyan milyarderi, əslində erməni olan Corco Armaninin fonduna, oradan isə silah şəklində Azərbaycana düşmən ölkəyə ötürülür.
Yazıda  o da iddia edilir ki, “Armani”nin brendlərindən biri olan “Emporio Armani” əslində erməni imperiyası deməkdir. 
“Yeni Müsavat” bu iddiaları araşdırıb.
Şirkət haqqında internetdə olan informasiyalarda bildirilir ki, qurucu Corcio Armani 1934-cü ildə iyulun 11-də Milan yaxınlığındakı  Pyaçensada anadan olub. O, Pyaçensa Universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmayıb. Corcionun atasının adı Ugo Armani olub. Yəni o, bu adı sonradan götürməyib.  1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlayıb. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlayıb. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olub. 80-ci illərin əvvəllərindən Armani filmlər üçün kostyumlar hazırlamağa başlayır və o, bu sahədə də uğur qazanır.
Armani öz kompaniyasının direktoru, prezidenti və yeganə səhmdarıdır. 13 zavod, dünyanın 39 ölkəsində 300 mağazası var. O, hətta Dubayda “Giorgio Armani” adlı hotel də açıb. Bundan əlavə o, “Olimpia Milano” basketbol komandasının da prezidentidir. Bu gün o, İtaliyanın ən imkanlı şəxslərindən biridir.
“Armani”nin müxtəlif adda markaları var.  Ətirlər isə kişi və qadın olmaqla iki kateqoriyaya bölünür. Kişi ətirlərinin adı qadın ətirlərinin adından fərqlidir.  Məqalədə qeyd edilən “Emporio Armani” bu markalardan biridir. Eyni zamanda “Giorgio Armani”, “Armani junior”, “Armani Collezioni” “Armani Cosmetics” kimi markalar da mövcuddur.
Onu da qeyd edək ki, Türkiyə mətbuatında da bir neçə dəfə “Emporio Armani” markasının “erməni imperiyası” anlamını verməsi məsələsi qabardılıb. Lakin hər dəfə şirkət tərəfindən bu məsələnin absurd olduğu açıqlaması verilib. Hətta Türkiyədə bir qrup adam üzərində bu markanın adı yazılan şortlar geyindiyi üçün sorğuya da alınıb, erməni təxribatı törətməkdə günahlandırılaraq döyülüblər də.
“Yeni Müsavat” olaraq araşdırmamız nəticəsində öyrəndik ki, Bakıda “Armani” firmasının 9 filialı fəaliyyət göstərir. Həmin mağazalar daha çox şəhərin mərkəzindədir. İddia ilə bağlı “Armani” mağazalarından birinə zəng etdik. Bildirildi ki, markaların adı, sadəcə olaraq, şirkəti təsis edən şəxsin adı ilə bağlıdır. Mətbuatda gedən yazıların əsassız olduğu qeyd edildi.
Bakıdakı mağazalara gəlincə isə şəhərdə  fəaliyyət göstərən mağazalardan 6-sı “Emporio Armani”  markası, 2-si “Giorgio Armani”, 1-i isə “Armani junior” markası adı altında fəaliyyət göstərir. Bu mağazaların ikisi iri ticarət mərkəzlərində, digərləri isə mərkəzi küçələrdə ayrıca butik kimi fəaliyyətdədir. Bundan başqa, “Emporio Armani” və “Giorgio Armani” markalarının saatları, ətirləri şəhərin mərkəzində fəaliyyət göstərən iri kosmetika və saat mağazalarında satılır. Təbii ki, bu markaların qiymətləri heç də aşağı deyil. Lakin markaların qiymətini fantastik dərəcədə baha da saymaq olmaz. Ona görə də mağazaların müştəriləri daha çox maddi baxımdan orta və varlı yaşayanlardır.  Azərbaycanda üzərinə “Emporio Armani” yazılan saatlara da rast gəlinir. Bu saatların orijinalları 450-500 manatdan başlayan qiymətlə satılır.
“Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, müvafiq qurumlar yayılan iddiaları araşdırmalıdır: “Azərbaycanın təhlükəsizlik orqanları bu məlumatı araşdırmalıdırlar. Mümkündür ki, markalardan birinə ermənilər nüfuz edə, dünyaya hansısa şifrəli mesajlarını yaya bilərlər. Qəti şəkildə erməni məhsulunun Azərbaycanda satılmasına icazə verilməli deyil. Lakin Azərbaycan məhsullarının Ermənistanda satılmasına çalışmaq lazımdır. Bu məsələdə də araşdırma aparmaq mütləqdir”.
Onu da qeyd edək ki, sərhəd-buraxılış məntəqələrindən Azərbaycana Ermənistan istehsalı olan heç bir məhsul buraxılmır.  “Yeni Müsavat”ın əməkdaşı olaraq Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrinə təşkil etdiyi media-tur zamanı ölkəyə gətirilən qanunsuz malların saxlanıldığı anbarda da olmuşduq. Həmin anbarda xeyli sayda erməni istehsalı olan məhsullar saxlanılırdı. Bildirildi ki, əksəriyyəti suvenir və spirtli içki olan bu məhsulları ölkəyə keçirməyə turistlər cəhd ediblər. Qanunla qadağan olunduğu üçün onlardan bu məhsullar alınaraq, məhv edilməsi üçün müvafiq anbara verilib.