Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başladı - YENİLƏNİB

Baxış sayı:
5735

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başlayıb. Qeyd edək ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb. * * *10:48 Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçiriləcək. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edəcəklər. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub. Macarıstan isə təşkilatda müşahidəçi statusundadır.