​Bakıda qəza törədən avtobus sürücüsü saxlanıldı

Baxış sayı:
6082

Paytaxtın Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun daxil olan birgə məlumatında bildirilir ki, mayın 5-də Sabunçu rayonunun Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfərin zərər çəkməsi və Samir Əliyevin hadisə yerindən qaçması faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Samir Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.