Bakıda qızını öldürən ata danışdı: “Kəndə söz-söhbət yayıldı ki...”

Baxış sayı:
5134

Bakının Yasamal rayonunda qısqanclıq zəminində qızını öldürməkdə təqsirli bilinən 57 yaşlı İlqar Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin edilib.
İlqar Qurbanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqa ifadə verən İlqar Qurbanov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, qızı Aysel Məmmədlini namus üstündə ölüdürüb.
İlqar Qurbanovun ifadəsinə görə, qızı Ayselin paytaxtda əxlaqsızlıq etməsi, yüngül həyat tərzi keçirməsi barədə kənddə söz-söhbət gəzib: “Bu səbəbdən Bakıya gəldim. Metronun “20 Yanvar” satansiyasının yaxınlığında qızımla görüşdüm. Ondan barəsində xoşagəlməz söz-söhbətin yayıldığını soruşdum. Əvvəlcə deyilənləri inkar etdi. Amma sonradan öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Onun bu sözlərindən əsəbləşdim. Bu səbəbdən özümdə olan bıçaqla onu vurdum”.
İlqar Qurbanov qeyd edib ki, əvvəlcə qızının boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirib.
Şübhəli şəxsin ifadəsinə görə, orada qızının ölməsini gözləyib və sonra polisə təslim olub.
İttihama görə, iyulun 24-də Yasamal rayonunda ata gənc qızını qısqanclıq zəminində qətlə yetirib.
Hadisə rayonun Həsən Bəy Zərdabi küçəsində baş verib.
Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.
Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İlqar Qurbanov qızı ilə mübahisə edib.
Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib.
Buna görə də, İlqar Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. Aysel Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.
Ərazidən uzaqlaşmayan İlqar Qurbanov həmin ünvana gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.
İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yasamal rayon Prokurorluğunda iş üzrə istintaq hərəkətləri davam etdirilir.