Bakıda “Qaraca qız” tapılıb, sahib duranı yoxdur - "YEMƏK YEYƏN KİMİ QAÇIB SÜPÜRGƏNİ GÖTÜRÜRDÜ..."

Baxış sayı:
20200

Ötən ilin əvvəlində küçədə tapılaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən 7 yaşlı Xatirənin sənədləri olmadığından onu məktəbə yerləşdirmək mümkün olmur.

Bu barədə virtualaz.org-a birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib. Ağazadənin sözlərinə görə, Xatirə paytaxtın Neftçilər ərazisində küçədə dilənirmiş.

“Polis əməkdaşları onu çox pis vəziyyətdə tapmışdılar, üst-başı çirkab içində idi, uşaqdan kəskin qoxu gəlirdi, hiss olunurdu ki, günlərlə küçədə qalıb. Artıq 1 ildir sığınacaqdadır, təəssüf ki, aylardır valideynləri, yaxud yaxın qohumlarının axtarışları nəticə vermir”,-Uşaqlar Birliyinin rəhbəri hadisəni danışıb.

Uşaqla bağlı televiziyada və internetdə də axtarış verilib, bir neçə nəfər onu küçədə dilənərkən gördüyünü bildirib. Birlik sədri deyir ki, Xatirə yaşıdlarından daha zəkidir, hesablamağı bacarır, yaddaşı itidir. Amma valideynləri ilə bağlı məlumatlar təsdiqini tapmır.

“Ya ata-anasının adını düz demir, ya da valideynləri də qeydiyyatsız yaşayıblar. Xatirənin roman (qaraçı) tayfasından olduğunu düşünürük, çünki adətən roman tayfası yerlərini tez-tez dəyişirlər”,-K.Ağazadə əlavə edib.

Onun sözlərinə görə, azyaşlının valideyni tapılmaya, yaxud sənədlərinin qaydaya salınması uzun müddət vaxt tələb edə bilər. Bu müddətdə uşaq təhsildən kənarda qalmamalıdır: “Təhsil Nazirliyi məktəblərə qeydiyyatı onlayn formada edib, orada uşağın sənədləri tələb olunur. Bir neçə məktəbə də müraciət etmişik, sənəd olmadığı halda uşağı qəbul etməkdən imtina ediblər. vaxt daralır, Təhsil Nazirliyinə etdiyimiz müraciətlər isə cavabsız qalıb. Məsləhət görürlər ki, uşaq fərdi təhsil alsın, axı niyə məktəbdən təcrid olunub sığınacaqda hazırlaşmalıdır?”  

Kəmalə Ağazadə onu da deyir ki, sənədləri olmadığından uşağa qəyyumluq edə bilmir. İndiyədək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ictimai mandat verirdi. Hazırda isə bu səlahiyyət Dövlət Miqrasiya Xidmətinə verilib. “Dövlət Miqrasiya Xidmətində yenə də sənəd istənilir. Tək dərdimiz uşağın məktəbdən kənarda qalmasıdır, Xatirə və onun kimi uşaqlarla bağlı bir çarə düşünülməlidir”,-o bildirib.

Xatirə sığınacaq əməkdaşlarına dilənçiliklə qazandığı pulları anasına verdiyini, axşamlar isə anasının tapşırığı ilə evləri təmizlədiyini deyib.

“İlk günlər yemək yeyəndən sonra qaçıb süpürgəni götürürdü, otağı süpürməyə çalışırdı. Sonradan başa düşdük ki, ona yeməyi yalnız iş görmək qarşılığında verirlərmiş. 1 ildən çoxdur onunla işləyirik. Xahiş edirik, bir qızcığazın taleyinə biganə qalmasınlar”.

Virtualaz.org Təhsil Nazirliyinə müraciət edib, nazirlikdən məsələ ilə maraqlanacaqlarını deyiblər.