BAKIDA PRİMAKOVA YUBİLEY KEÇİRMƏK KİMƏ LAZIM İDİ? - 20 Yanvar faciəsinin təşkilatçısına yubiley keçirilməsinin SENSASİON PƏRDƏARXASI

Baxış sayı:
15385

Bakıda 20 Yanvar faicəsinin əsas baiskarlarından biri, bəlkə də birincisi olan Yevgeni Primakovun 90 illiyinə həsr olunan sərginin keçirilməsi ölkəmizdə haqlı narazılığa səbəb olmaqdadır. Xatırladaq ki, Sovet İttifaqının rəhbərlərindən biri olan Yevgeni Primakov 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ müdafiə naziri Yazovla birgə həyata keçirən şəxsdir. O, sonralar Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998) və baş nazir (1998-1999) işləyib. 2015-ci ildə vəfat edib. Vətəndaşlarımız arasında ən çox qəzəb doğuran isə, “Yevgeni Primakov: İnsan və siyasətçi” adı ilə təqdim edilən sərgidən bir neçə gün əvvəl Rusiya səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetində (BSU) Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsinin keçirilməsidir. Hansı ki, Rusiya səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri - Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültələrində təhsil alan tələbələrlə görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər. Daha bir etiraz doğuran məqam isə odur ki, Bakı Slavyan Universiteti rəhbərliyinin təşkil etdiyi təmtəraqlı mərasimdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olan 3 deputat - Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova da iştirak edib. Artıq dəyərli oxucularımıza bəllidir ki, istər Primakovun 90 illiyinə həsr olunan sərgi, istər BSU tələbələri arasında esse müsabiqəsinin təşkili, istər də Milli Məclis üzvlərinin bu münasibətlə təşkil olunan mərasimdə iştirakı təkcə sosial şəbəkələrdə deyil, əksər media orqanlarında da böyük narazılıqla qarşılanıb. Belə ki, ölkənin aparıcı siyasətçiləri, tanınmış ziyalılar, müxtəlif QHT-lərin və ictimi birliklərin rəhbərləri, eləcə də bir qrup deputat tərəfindən Bakıda 20 Yanvar faciəsinin əsas təşkilatçısına təmtəraqlı şəkildə yubiley keçirilməsi etiraz doğurmaqdadır. Şübhəsiz, bu tədbirin ideya müəllifləri və təşkilatçıları Bakıda Yevgeni Prmakovun 90 illik yubileyinin keçirilməsinin ciddi etiraza səbəb olacağını əvvəlcədən bilməmiş deyildilər. Maraqlıdır, o halda bu yubileyin təşkil olunmasında məqsəd nə idi? Öncə ondan başlayaq ki, “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərginin Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilməsi və Rusiya səfirliyinin təşəbbüsü ilə BSU-da müsabiqə təşkil olunması ilk baxışdan hər şeyi ortaya qoyur. Çoxalarına bəllidir ki, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərən bu qurum, əslində, Kremlin Azərbaycandakı siyasi maraqlarını həyata keçirən bir təşkilatdır. Kağız üzərində məqsədi “Rusiya ilə Azərbaycan arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrini inkişaf etdirmək” olsa da, Bakının mərkəzində 5 mərtəbəli nəhəng ofisi olan bu mərkəzin Azərbaycandakı ruspərəst qüvvələrin fəaliyyətini kordinə edən bir təşkilat olduğu kimsəyə sirr deyil. O cümlədən, bu mərkəzin rəhbərliyində çalışan bəzi şəxslərin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu haqda informasiyalar da var. Elə, mərkəzin rəhbəri Denisov Valentin Petroviçin siyasi keçmişinə nəzər saldıqda da, onun dövlət qurumları ilə kifayət qədər dərin bağlantısı olduğunu görmək mükündür. Belə olduğu halda, 20 Yanvar qırğının əsas təşkilatçılarından olan Yevgeni Primakovun Bakıda 90 illik yubileyinin təşkil olunması heç də təsadüf deyil. Əksinə, bu tədbirin ideya müəllifləri (Denisov Valentin Petroviç başda olmaqla – müəl.) bununla Azərbaycan xalqını təhqir etməklə yanaşı, ölkənin hələ də Rusiyanın “nəzarəti altında” olduğunu nümayiş etdirmək istəyirlər. Odur ki, bu yubley tədbirini Kremlin rəsmi Bakıya açıq-aşkar təzyiqi kimi dəyərləndirmək daha doğru olar. Bu tədbirin baş tutması isə onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti Rusiyanın təzyiqləri qarşısında acizdir. Əks halda, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qarşısı alınmasa belə, Bakı Slavyan Universitetində Primakovun yubileyi ilə bağlı esse müsabiqəsinə imkan verilməz, ən pis halda Milli Məclisin 3 deputatı həmin tədbirə qatılmaqdan imtina edərdi. Nəzərə alsaq ki, Azərbaycanda Təhsil Naziriliyinin icazəsi olmadan heç bir universitetdə siyasi xarakterli tədbirin keçirilməsi mümkün deyil, deməli, BSU-nun rektoru Nurlana Əliyeva “yuxarılar”ın razılığı əsasında belə bir addım atıb. Yox, düşündüyümüz kimi deyilsə, bu məsələ istisna təşkil edibsə, onda N.Əliyevanın istefaya göndərilməsi və ona dərhal cinayət işi açılması ilə bağlı çağırışların yerində olduğu birmənalıdır. Məsələnin diqqətçəkən başqa tərəfi isə bəzi deputatların və siyasilərin Azərbaycanda Primakovun yubileyinin keçirilməsini təbii və normal qəbul etmələridir. Bu fikirdə olan şəxslərin fikrincə, “Y.Primakov Rusiyanın baş naziri, ictimai-siyasi xadim olduğundan, Bakıda onun yubileyinin keçirilməsi normal qarşılanmalıdır”. Birincisi, Rusiyada Azərbaycana kifayət qədər yaxşı münasibəti olan çox sayda ictimai-siyasi xadim olduğu halda, niyə indiyə qədər onlardan hansısa birinin Bakıda yubileyi təşkil olunmayıb? İkincisi, Primakovun Azərbaycanla bağlı hansı müsbət əməlləri var ki, onun yubileyini təmtəraqlı şəkildə qeyd edirik? Üçüncüsü, Yevgeni Primakovun Azərbaycan xalqının qanına əlinin batdığı artıq tariximizə həkk olunub və biz bunu bu gün-dünən deyil, 1990-cı ildən bu yana toplum olaraq təkrar etməkdəyik. Belə olduğu halda, ölkəmizdə onun 90 illik yubileyi münasibətilə müxtəlif tədbirlərin təşkil olunması təxribat olmaqla yanaşı, Azərbaycan xalqının iradəsini zorlamaq, millətimizi və dövlətimizi aşağılamaq, eləcə də şəhidlərimizi və qazilərimizi təhqir etmək deyilmi?!.. Muxalifet.az