Bakıda polis rəisinin müavinini güllələyən şəxslə bağlı QƏRAR

Baxış sayı: 98

Səbail Rayon Məhkəməsində paytaxtda baş verən silahlı insidentlə bağlı saxlanılan Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin edilib.
Qərara əsasən, hər üç şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin hadisə ilə bağlı yaydığı məlumata əsasən, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə başlanıb.
Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Lexus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.
Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.
Həmin fakt üzrə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Cinayət işləri üzrə istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğunun icraatına verilib.
Bakı şəhər prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olublar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.