​Bakıda nümunəvi məhəllələr yaradılacaq

Yasamal rayonunda 3 ünvanda nümunəvi məhəllələrin yaradılması işlərinə başlanıb.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu məhəllələr 7-ci sallaqxana, Şərifzadə küçəsi və Yeni Yasamal yaşayış massivində salınacaq. 7-ci sallaqxana ünvanındakı 1,3 ha ərazisi olan, ümumi istifadədə olan həyət demək olar ki, bütünlüklə müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmışdı. Qısa müddətdə bütün ərazi hasarlardan təmizlənib, xeyli sayda qanunsuz tikili ləğv edilib və həmin ünvanda nümunəvi "Abad Həyət" salınması barədə sərəncam imzalanıb.
Qeyd olunub ki, nümunəvi məhəllə istirahət parkı kimi də adlandırıla bilər. Belə ki, ərazidə genişmiqyaslı abadlaşma, asfaltlanma və yaşıllaşdırma işləri aparılacaq, 2000 kv.m-ə yaxın piyada gəzinti yolları salınacaq, 450 kv.m-lik futbol stadionu, coxlu sayda günlük və skamyalar, idman trenajorları, uşaqlar üçün müxtəlif əyləncə avadanlıqları quraşdırılacaq.
2017-ci il noyabrın sonunadək nümunəvi məhəllələrin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.