Bakıda məcburi köçkünlərə qarşı dələduzluq - ZƏRƏRÇƏKƏNLƏR İFADƏ VERDİ

Təqsirləndirilən şəxsin hər ikisi də məcburi köçkündür

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zaur Məmmədov ifadə verib. O dindirilən zaman bildirib ki, ev almaq üçün təqsirləndirilən şəxslərə 8 min pul verib: "Bunun qarşılığında iş alınmadı. Pulumu hələ də qaytarmayıb".
əqsirləndirilən R.Rəhimov zərərçəkmişin ifadəsinə arayış verərək Z.Məmmədovdan pul aldığını təsdiqləyib. Daha sonra digər zərərçəkmiş Zülfiyyə Hüseynova dindirilərkən qeyd edib ki, Masazırda ev almaq üçün yaşadıqları mənzillərini satıb, 7 min dolları təqsirləndirilən şəxslərə verib: "Evimizi satıb, bunlar deyən yerdən mənzil aldı. Lakin 4 ildir yollarda qalmışam. Verdiyim 7 min dollardan sadəcə 5 minini qaytarıblar. Həmin 2 min dolları da tələb edirəm".
Şahid qismində təqsirləndirilən Ş.İsmayılovun kürəkəni Raqub Yusubov dindirilib. O, qayınatasının əməllərindən xəbərsiz olduğunu, bu barədə məlumatının olmadığını deyib. İttiham aktına əsasən, R.Rəhimov və Ş.İsmayılov Abşeron qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd verərək onlara qarşı dələduzluq ediblər. Belə ki, hər iki şəxs Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5 400, Etibar Əliyevin 4 000, Tehran Məmmədovun 6 000, Bəxtiyar Əzizovun 4 000, Nazilə Ağayevanın 2 000, Səyyarə Çələbiyevanın 6 000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3 500, Kəmalə Quliyevanın 16 000, Ləman Əliyevanın 15 000, Şahin Abdullayevin 8 030, Rafiq Cəfərovun 13 600, Cabir Məmmədovun 8 000 və Ceyhun Qurbanovun isə 45 000 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. R.Rəhimov və Ş.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar. Xatırladaq ki, təqsirləndirilən şəxsin hər ikisi də məcburi köçkündür.