Bakıda massonlara məxsus cadugər mağazası – BURADAN ŞAM ALIB İNTİM MÜNASİBƏTLƏRİ DƏ “YOLUNA QOYMAQ” OLUR...

Bakının mərkəzində, “5 mərtəbə” deyilən ərazidə “Yerüsəlim” mağazası açılıb. Həmin mağazada müxtəlif tipli “sehrli” şamlar satılır.
Bu haqda Muxalifet.az-a mağazaya baş çəkən oxucularımızdan biri tərəfindən informasiya verilib.
Məlumata görə, həmin mağazadakı şamlar bir çox bağlı qapıları “açmaq” qabiliyyətinə malikdir. Məsələn, guya, bu şamı almaqla sevgilinizin sizin üçün çoxlu pul xərcləməsini “təmin edə”, arzuladığınız şəxslə intim münasibətlər yarada, bədnəzərdən qoruna, hətta sizi sevməyənlərin, arxanızca danışanların “ağzını bağlaya” bilərsiniz.
Mağazadan alış-veriş edən “sehrli şam”ın müştərilərinə pulsuz olaraq aşağıdakı məsləhətlər də verilir:
“Qabaqcadan evdə nə qədər şkaf varsa, hamısının qapısını açırsınız. Günorta saat 12:50-də qara şamı sol əldə saxlayıb, giriş qapısının yanında dayanaraq deyirsiniz: “Qara şam, məndə olan göz, nəfs, cadu, əməl, tilsim, adıma olan düyünlər, qıfıllar, pis əməllər, qarğışlar, canımda olan ağrılar, ailə-iş yolumda olan bağlılıqlar və məndə nə pis varsa çək götür özünə, sən necə yanacaqsansa, hamısı elə yansın, canımdan çıxsın. Bütün bağlı yollarım açılsın, həyatımda və yanımda olan yalançı insanlar həyatımdan çəkilsin”. Bütün bunları deyəndən sonra günorta saat 13:00-da kibritlə şamı yandırırsınız və bu zaman yenə həmin sözləri təkrar edirsiniz. Eyni vaxtda şamı saat istiqamətində evdə gəzdirmək lazımdır. Sonra şamı banka “krışka”sına yapışdırıb, sönməyə bir az qalmış bayıra çıxmaq lazımdır. Şam bayırda axıra qədər yanıb sönəndən sonra, qalıqlarını dörd yola atırsınız. Bundan sonra evə qayıtmaq olar”.
Ən maraqlısı isə odur ki, cadugər mağazasında satılan “sehrli şamlar”ın qiyməti heç də ucuz deyil. Əksinə, buradakı qiymətlər adi şamlarla müqayisədə onların “hikmətindən” asılı olaraq on dəfələrlə bahadır.   

Şübhəsiz ki, bu mağazada vətəndaşların açıq-aşkar aldadıldığı açıq-aşkar ortadadır. Odur ki, dəyərli oxucularımız diqqətli olmalı, fırıldaqçıların yalanlarına uymamalıdır.
Bütünü bunlarla yanaşı, diqqətimizi çəkən başqa bir məqam da var: cadugərliklə məşğul olan bu mağazaya lisenziyanı hansı dövlət qurumu verib? Və yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hara baxır, Bakının mərkəzindəki bu biabırçılığı görmür?!
 
Mağazanın vizitkaları.

Muxalifet.az
 
P.S. Qeyri-iş günü olduğundan mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənə bilmədik. Mövzunu davam etdirəcəyik.