Bakıda həyət evlərindən OĞURLUQ EDƏNLƏR ƏLƏ KEÇDİ

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən qeyri-aşkar şəraitdə mülkiyyət əleyhinə törədilən cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov cari il oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilinin pəncərisinin sındırıldığını, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizorun oğurlandığını bildirib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən daha 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.
Qeyd edilən faktla bağlı 12-ci PB-də toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri tədbirləri davam etdirilir.