Bakıda evlərdən birindən 5 gəncin meyiti tapıldı - BAŞ PROKURORLUQDAN AÇIQLAMA / YENİLƏNİB

Baxış sayı:
1192

Fevralın 23-ü saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

**
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.

Virtualaz.org xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib.

Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.