BAKIDA ETİRAZ AKSİYASI KEÇİRİLDİ - “Hamımız Fuad olaq!”

Baxış sayı:
526

Mayın 24-də bir qrup şəxs Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında Moskvada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyası keçirməyə cəhd edib. Turan xəbər verir ki, etirazçılar üzərində jurnalistin fotosu əks olunmuş "Hamımız Fuad olaq!" şüarları qaldırıb.
Polis insanları səfirliyin binasının qarşısına buraxmayıb. Bununla yanaşı aksiya iştirakçıları mediaya sözlərini deyiblər.
Hüquq müdafiəçisi Rövşən Əhmədli "Amerikanın səsi"nə müsahibəsində bildirib ki, Rusiyada azərbaycanlı jurnalistə qarşı kobud davranış bu ölkənin hüquqi dövlət olmadığından xəbər verir.
"Jurnalist Fuad Abbasova qarşı cinayətkar formada davranmaq göstərdi ki, Rusiya hüquqi dövlət deyil. Rusiya cinayətlarlar tərəfindən və sifarişlərlə idarə olunan bir toplumdur. Dövlət qanunla idarə olunmalıdır. Dövlətin qanunları da insanların hüquqlarının müdafiəsində olmalıdır. Bu yoxdursa, deməli, kriminal idarəetmə var. Rusiya beynəlxalq konvensiyalara qoşulub və bu sənədlər daxilində götürdüyü öhdəliklərə əməl etməlidir", - hüquq müdafiəçisi qeyd edib.
Onun fikrincə, Fuad Abbasovun Rusiyada yaşayan çoxmilyonlu azərbaycanlının problemlərini çözə biləcək bir diasporun yaranmasında fəaliyyəti var idi.
"Biz Azərbaycan dövlətindən vətəndaşına sahib çıxmasını istəyirik. Azərbaycan dövləti rəsmi şəkildə Rusiyadan izahat tələb etməlidir. Rusiya dövlətindən isə jurnalistə qarşı edilmiş cinayətlə bağlı izahat verməsini istəyirik. Rusiya izahat versin görək, hansı əsasla vicdanlı, qərəzsiz, obyektiv bir jurnalisti bu formada işgəncəyə məruz qoyub, həbs edib",- o qeyd edib.
"Fuada işgəncə verənlər Rusiyanın hüquq-mühafizə orqanlarıdır. Buna görə Rusiya işgənclərə və qanunsuzluqlara görə hüquqi mənada cavab verməlidir. Məhkəmə qərarı olmadan insanı həbs etmək, təhqir etmək, işgəncə vermək və bunu televiziya kanallarında Azərbaycanın əleyhinə tirajlamaq hamımıza qarşı yönəlmiş bir hərəkətdir", - aksiya iştirakçısı qadın deyib.
Jurnalist Fuad Abbasov 2015-ci ildə Rusiya telekanallarnda Rusiya hərbi təyyarəsinin Türkiyədə məhv edilməsinin müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.
F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilmişdi.
Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.
Son vaxtlar Fuad Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməsinə görə tənqid edib və Rusiyada yaşayan azərbaycanlıların partiya yaradacağını anons edib.
Jurnalist mayın 16-da Moskvada saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunacağı gözlənilir.