Bakıda erməni mahnısı oxuyan müğənniyə azərbaycanlı məşhurlardan sərt reaksiya

Baxış sayı:
12343

Flora Kərimova: “Sizdən incimirik, demirəm ki, siz xəstəsiniz, siz sadəcə sərxoşsunuz...”
Elza Seyidcahan: “Müğənninin bu addımı millətimizə, şəhidlərimizin ruhuna hörmətsizlikdir”
Şeyx Əbdül: “Niyə o musiqiçilər müğənninin cavabını verməyib?!”
Rey Kərimoğlu: “Bu hamımızın üzünə tüpürmək deməkdir”

Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Azərbaycanda səfərdə olarkən Bakı restoranlarının birində erməni dilində mahnı oxuması qalmaqala səbəb olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra azərbaycanlılar tərəfindən sərt tənqid olunub. Azərbaycanlı izləyicilər əslən ukraynalı olan L.Uspenskayanın Azərbaycana gəlib, burada oxuyub, pul qazanıb və daha sonra bu ölkənin torpaqlarını işğal edən millətə məxsus mahnını ifa etməsinin yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, videogörüntüdə Uspenskayanın piano arxasında erməni mahnı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.

“Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər”.

Daha sonra L.Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib.

Flora Kərimova ile ilgili görsel sonucu

Rusiyalı müğənninin bu adımına azərbaycanlı məşhurların da reaksiyası gecikməyib. Belə ki, xalq artisti Flora Kərimova bildirib:
“Siz dəvəti qəbul edərək Bakıya gəlib erməni mahnısı oxumaq və pul qazanmaqla düz etməmisiniz. Sizi mən öyrətməli deyiləm. Deyirsiniz ki, musiqiçilər sizi başa düşməyib. Onlar onu başa düşüb ki, siz müharibə gedən və yüzlərlə itkisinin olduğu ölkədə mahnı oxumağa layiq deyilsiniz. Sərxoş qadın nə başa düşə bilər axı? Siz ehtiyatsız söz və təklifinizlə övladını bu müharibədə itirmiş anaları incitdiniz. Bu anaların milliyyəti yoxdur, onların övlad itkisinin ağrısı var. Sizə daha nə deyə bilərəm ki? Ümid edirəm ki, siz öz səhvinizi başa düşərsiniz. Sizdən incimirik, demirəm ki, siz xəstəsiniz. Siz sadəcə sərxoşsunuz, təəssüf ki, ayıq halda da sərxoşsunuz”.

Elza Seyidcahan ile ilgili görsel sonucu

Əməkdar artist Elza Seyidcahan: “Qarabağ problemi olan bir ölkəyə gəlib, paytaxtında ona düşmən olan millətin mahnısını oxuması qətiyyətlə yolverilməzdir. Yayılan görüntülərdən belə çıxır ki, bu addımı qəsdən atıb. Bəlkə də bəhanə tapa bilər ki, içkili vəziyyətdə olub, amma sonra bu görüntüləri yayması onu deyir ki, bilərəkdən, planlaşdıraraq belə edib. Görünür, onun daxilində bir erməni xisləti var. Bu addımı həm də millətimizə, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Ölkəmizə gəlib, pul qazanıb, yeməklərdən yeyib, sonra da erməni mahnısı oxuyur. Güman edirəm ki, bir daha onu Bakıya dəvət etməzlər. Çox təəssüf ki, bəzən bu cür olaylarla rastlaşırıq. Xatırlayırsınızsa türk müğənnisi Sezen Aksu da məşhur Azərbaycan mahnısı, “Sarı gəlin”i erməni dilində oxumuşdu. O vaxta qədər mən Sezen Aksunu, onun ifalarını çox sevirdim. Amma artıq onun mahnılarını nə dinləyir, nə də paylaşıram. Çünki bu hərəkəti ilə bizə qarşı haqsızlıq etdi. Lyubov Uspenskaya guya bu hərəkəti ilə nəsə qazana bildimi? Fürsətdən istifadə edib Bakıya gəldi və arxadan millətimizə zərbə vurdu. Nə etdisə, özünə etdi, özünü tamamilə hörmətdən saldı”.

Şeyx Əbdül Mahmudbəyov ile ilgili görsel sonucu

Xalq artisti, tanınmış kinorejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov: “Sözün düzü, bu olay barəsində xəbərim yoxdur. Sadəcə onu deyə bilərəm ki, biz hamımız vətənpərvər olmalıyıq. Anlamalıyıq ki, bütün yeyib-içmək, pul, qazanc hamısı gəlib-gedir, bircə yerdə qalan vətən olur. Biz bu gün mənəvi dəyərlərimizi qoruyub aparmalıyıq. Deyirsiz ki, müğənni erməni mahnısını oxuyanda musiqiçilərimiz durub, çıxıb gediblər. Niyə o musiqiçilər müğənninin cavabını verməyib?! Məgər müğənni bu hərəkəti Qərbi Azərbaycanda edə bilərdi? Əlbəttə yox. Biz özümüzə qayıtmalı, vətənimiz, vətəndaşlığımızı bərpa etməliyik”.

Rey Kərimoğlu ile ilgili görsel sonucu

Qarabağ qazisi Rey Kərimoğlu: “Axı niyə bu cür şəxsləri Bakıya gətirirlər? Bu, yolverilməzdir! O müğənni niyə ölkəmizə gətirilirdi ki, bu olay da baş verir. Bu məsələyə ölkə rəhbərliyi reaksiya verməlidir. Vallah ayıbdır, bunun adı yoxdur! Bəzən görürük ki, erməni əsilli müğənnilər ölkəmizə gəlir. Onsuz da torpaqlarımız işğal altındadır. Bir vətəndaş, kişi olaraq yaşamaq çətindir. Sanki bu hərəkəti qəsdən edir, vətəndaşını alçaldırlar. Bu həm də ölkəmizə başıaşağılıq gətirir. Paşinyan gedib Qarabağda rəqs edir, oynayır, tərəfdarları gəlib Bakının mərkəzində erməni mahnısı oxuyur. Bu hamımızın üzünə tüpürmək deməkdir. Heç kim də bir söz demir, hamı da əl-qolunu sallayıb baxır. Axı, nə qədər olar?! Şəxsən mən bu olayı qəbul edə bilmirəm”
Qeyd edək ki, məsələyə müğənni Eldar Qasımov və aparıcı Nərgiz Cəlilova da öz sərt mövqeyini bildiriblər./musavat