Bakıda dolların satışı dayandırıldı? – BANKLARIN CAVABI

Baxış sayı:
3199

Paytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər.
Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib.
 “Kapital Bank”ın mətbuat xidmətinin əməkdaşı Rüstəm Məmmədov da dolların satışı ilə bağlı hər hansı problemin olmadığını bildirib. Onun sözlərinə görə, “Kapital Bank”ın bütün filiallarında hazırda dolların satışı həyata keçirilir.
 “Unibank”dan da hazırda dollar alğı-satqısı ilə bağlı problem yaşanmadığı açıqlanıb:
 “Bütün müştərilər yaşadığı əraziyə ən yaxın filialımıza müraciət edərək dollar ala bilər. Məsələn, 7-ci mikrorayon ərazsində yaşayan vətəndaşlar dollar almaq üçün “Gənclik” (Atatürk prospekti 2a), yaxud da “Əcəmi” filiallarımıza müraciə edə bilər”.
 “Azər-Türk Bank”ın mətbuat katibi Rauf Ağayev isə yalnız rublun alışının həyata keçirilmədiyini deyib:
 “Bankımızda ABŞ dolları, rus rublu, İsveçrə frankı, ingilis funt-sterlinqinin satışı aparılır. Bunlardan yalnız rublun alışını bir qayda olaraq mərkəz filialımız həyata keçirilir. Kassaların qarşısında da az sayda adam var, heç bir narahatlıq yoxdur və dollar alğı-satqısı normal şəkildədir”.
 “Əmrah Bank”dan isə bildiriblər ki, bu gün saat 13:00-dan dollar satışı başlayıb:
 “Dolların satışı dayandırılmayıb. Mərkəzi Bankla əlaqədar olaraq, satış saat 13:00-dan başlayıb. Hazırda istənilən şəxs filiallarımıza yaxınlaşaraq, dollar ala bilər”. 
“Ekspress Bank”dan da dollar satışının dayanmadığı qeyd edilib: “Bizim bankda dollar satışı dayandırılmayıb. İstənilən şəxs filliallarımıza yaxınlaşaraq, kassanın cari durumuna uyğun dollar ala bilər”. 
“Turan Bank”ın əməkdaşı Ülviyyə Kərimli də satışın dayandırılmadığını və dollar almaq istəyən şəxslərin “Turan Bank”ın istənilən filialına yaxınlaşaraq, dollar ala biləcəyini bildirib.
Qeyd edək ki, ölkəmizdə iki gündür dolların satışının dayandırılması ilə bağlı müxtəlif şəxslər tərəfindən məlumatlar yayılır.