Bakıda daha belə yol qalmayacaq - İLHAM ƏLİYEV TAPŞIRDI, SALEH MƏMMƏDOV İŞƏ BAŞLADI...

Baxış sayı:
7756

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu günlərdə Bakıətrafı kənd və qəsəbələrin məhəllədaxili yollarının asfaltlanması ilə bağlı yeni tapşırıqlar verib. Virtualaz.org-un məlumatına görə, dövlət başçısı ötən gün Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla Yasamal rayonunda yeni istifadəyə verilmiş yolla tanış olarkən şəhərin bütün küçələrinin ən yüksək standartlara cavab verməli olduğunu dilə gətirib. O, qeyd edib ki, bütün problemli yerlərin siyahısı tutulmalı və həmin yollar təmir olunmalıdır. “Mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır. Əvvəl Kürdəxanı qəsəbəsinin yollarını abadlaşdırdınız. İndi digər qəsəbələr növbədədir. Xəzər rayonunda Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə biz yolların hamısını bərpa edəcəyik”, - dövlət başçısı bildirib. Bundan əvvəl də prezident İlham Əliyev oktyabrın 17-də Saleh Məmmədovu qəbul edərkən qəsəbədaxili və məhəllədaxili yollarla bağlı problemə toxunmuşdu. Dövlət başçısı bəzi yerlərdə hələ də torpaq yolların mövcud olduğunu vurğulamışdı. Bildirmişdi ki, torpaq yollar olmamalıdır, bütün qəsəbədaxili, məhəllədaxili yollara asfalt vurulmalıdır. Qeyd edək ki, illərdir payız-qış aylarında palçığı dizə çıxan, nəhəng gölməçələrin yarandığı məhəllədaxili və qəsəbədaxili yolları Bakıətrafı kənd və qəsəbələrin sakinlərini ən çox narahat edən problemlərdən biridir. Bu mövzuda sakinlərin şikayətlərinə əsasən dəfələrlə yazmışıq, reportajlar dərc etmişdik. Keçilməz yollar əsasən yeni salınmış və kortəbii məskunlaşma olan ərazilərdədir. Suraxanı, Sabunçu, Xəzər, Binəqədi rayonlarının kənar məhəllələrində yaşayan sakinlər xüsusən payız və qış aylarında dizə qədər çıxan palçıqdan əziyyət çəkirlər. Bu ilin əvvəlində Suraxanı Rayon İcra Hakimiyyətindən saytımıza bildirmişdilər ki, rayon ərazisində 3 milyon kv metr asfalta ehtiyacı olan yol sahəsi mövcuddur. Əvvəllər belə yollar rayon icra hakimiyyətlərinin və ya bələdiyyələrin balansında idisə artıq bu ildən bütün yollarda təmir Avtomobil yolları Dövlət Agentliyi tərəfindən aparılmağa başlanıb. Agentlik ilin əvvəllərindən başlayaraq bir sıra qəsəbələrdə, o cümlədən Binə, Kürdəxanı, Bül-Belə və digər yerlərdə məhəllədaxili yolları asfaltlayıb. Prezidentin son tapşırıqlarından sonra isə belə görünür ki, Agentlik bu istiqamətdə daha irimiqyaslı işlərə başlayacaq. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də təsdiqləyirlər. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a bildirib ki, dövlət başçısı tərəfindən 2019-cu ilin əvvəlindən Agentlik qarşısında qəsəbədaxili yolların, xüsusiən də, torpaq əsaslı, çınqıl örtüklü yolların təmiri ilə bağlı tapşırıq qoyulub. “Bu istiqamətdə son 9 ay ərzində çox böyük işlər həyata keçirilib. Təkcə investisiya proqramından kənar Bakı şəhərində 185 km avtomobil yolu təmir edilib. Bu rəqəm ilin sonuna qıdır 200 kilometri keçəcək. Biz planlaşdırırq ki, 2023-cü il də daxil olmaqla Bakı şəhərinin qəsəbədaxili yollarında asfaltsız yol qalmasın. Bütün çınqıl və torpaq yollar asfaltlansın. Prezidentin qarşıya qoyduğu vəzifənin yerinə yetirilməsi üçün Agentlik əlindən gələni edəcək, maksimum gücü və səyləri ilə çalışacaq”, - A. Nəcəfli deyib. Agentlik sözçüsünün bildirdiyinə görə, bu istiqamətdə AYDA tərəfindən təkliflər paketi və tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq, növbəli şəkildə, qrafikə uyğun olaraq qəsəbədaxili və məhəllədaxili yollar abadlaşdırılacaq.