BAKIDA BİR AİLƏNİN BÜTÜN ÜZVLƏRİ ACLIĞA BAŞLAYIB - Çərkəz Əkbərov: "Oğlum günahsız yerə həbs olunub..." / VİDEO

Baxış sayı:
1033

Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 38, otaq 4-də yaşayan Əkbərov Çərkəz Sədulla oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi bildirir:
"Cənab Prezident!
Mən əvvəllər də Sizə müraciət edərək, oğlum Əkbərov Alim Çərkəz oğlunun heç bir günahı olmadığı və təqsirinin sübuta yetirilmədiyi halda, əsassız olaraq məhkum edilməsi, bununla bağlı etdiyimiz şikayətlərə və müraciətlərə laqeydlik göstərilməsi, istintaqda və məhkəmələrdə ədalətli araşdırma aparılmadığını, təqsirli şəxslərin azadlıqda olduğu halda, xəstə oğlumun həbs edilərək ağır cəzaya məhkum edilməsi barədə məlumat vermişdim.
Bir daha müraciət etməyimə səbəb oğlum Alim Əkbərovun məhkəmələr tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı hazırda cəza çəkdiyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirməklə intihar etmək istəməsidir.
Ölkəmizdə qanunsuzluqlar, bürokratiya, ədalətsizliklər, korrupsiya baş alıb gedir. Mən və həyat yoldaşım II qrup əlillik, yeganə oğlum da ikinci qrup əlil olmaqla, psixi xəstəlikdən əziyyət çəkir. Oğlumun heç bir günahı olmadığı halda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin müstəntiqləri Həsən İsmayılov, Elnur Vəliyev, Yusif Yusifovun saxta, qanunsuz yolla əldə etdikləri sənədlər əsasında dələduzluqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaqda və məhkəmədə oğlumun ittiham olunduğu dələduzluq cinayəti üzrə zərərçəkmişlər və şahidlər onu tanımadığını, onunla hər hansı bir iş görmədiklərini bildirmişlər. Hökmlə razılaşmayıb, ondan apellyasiya şikayəti verilsə də, işdə oğluma qarşı heç bir sübutun olmamasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov hökmü dəyişdirmədən qüvvəsində saxladı.
Artıq bir valideyn, bir vətəndaş kimi ölkəmizdə müraciət etmədiyim ünvan, döymədiyim qapı qalmamışdır. Lakin səsimə cavab verən yoxdur, şikayətlərə baxılmır, baxılanda isə hər hansı müsbət nəticəsi olmur. Şikayətlərimiz oğlumuzun işinə ədalətsiz yanaşan, qanunsuz hökmlər, qərarlar qəbul edən məhkəmələrə göndərilir, onlar isə heç bir cavab vermir, heç bir tədbir görmürlər.
Bildirirəm ki, oğlum törətmədiyi, heç bir əlaqəsi olmadığı əməlin cəzasını çəkir. Axı mənim və ailəmin, ən əsası da 2 yaşı tamam olmamış körpənin nə günahı var ki, bu əzab və işgəncəyə məruz qalmışıq. 
Onu da qeyd edim ki, oğlum saxlanıldığı 7 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası ilə bağlı vəziyyəti kənsin ağırlaşdığı üçün müəssisə tərəfindən Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərilmişdir.
Hörmətli Prezident!
Biz də artıq oğluma qarşı edilmiş bu haqsızlığa və ədalətsizliyə qarşı öz etirazımızı oğlumun keçirdiyi aclıq aksiyasına dəstək verməklə bildiririk. Belə ki, bizim başqa çarəmiz yoxdur, gücümüz yalnız öz canımıza qəsd etməyə çatır. Ona görə biz də ailə üzvü olaraq 10 fevral 2020-ci il tarixdən oğlumun keçirdiyi aclıq aksiyasına qoşulmuşuq və bu aksiyanı ədalət öz yerini tapana kimi davam etdirəcəyik. Bu barədə həm mətbuatı, həm də müvafiq dövlət qurumlarını rəsmi olaraq məlumatlandırmışıq. 11.03.2020-ci il tarixdə Ali Məhkəmədə oğlumun şikayətinə baxılacaq.
Mən bir vətəndaş olaraq, bir insan olaraq düşdüyüm vəziyyəti diqqətinizə çatdırararaq, Sizlərdən günahsız yerə həbs olunmuş oğlumun azad olunmasına və haqq ədalətin bərqərar olunmasına köməklik göstərməyinizi xahiş edirəm.
Əvvəlcədən Sizə öz ailəm adımdan dərin təşəkkürümü bildirirəm".

Muxalifet.az
Redaksiyadan: Yazıda adı çəkilən çəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.