​Bakıda binanın həyətində olan ağaclar kəsilib, yerində obyekt tikilir - VİDEO

Baxış sayı:
378

Bakının Xətai rayonunda, Yusif Səfərov 12A ünvanında binaların həyətində olan 6 şam ağacı kəsilib və ərazini obyekt tikmək üçün hasarlayıblar.
 
Muxalifət.az bildirir ki, bu barədə "Report"a sakinlər məlumat verib.
Sakinlər bildirib ki, əraziyə Xətai Mənzil Komunal Təsərrüfat Birliyinin 110 saylı mənzil-kommunal istismar sahəsi baxır. Amma onlar məsələ ilə bağlı heç bir tədbir görmürlər.
Sakinlərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyi qəfildən ərazidə yerləşən ağacları kəsmək qərarına gəlib: "Gələn şəxslər, bəlkə də, yarım əsr yaşı olan 6 Eldar şamını kəsib, digər ağacları isə budayıblar. Bizə isə bildirdilər ki, bu ağaclar yabanı olduğu üçün kəsilir və yerinə yenisi əkiləcək. Biz yeni ağaclar əkiləcəyinə inandıq, amma sonra məlum oldu ki, bizi aldadırlar, ərazidə obyekt tikmək üçün hazırlıqlar gedir. Qonşularla birgə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinə müraciət etdik. Polislər şikayətçiləri bölməyə apardı. Camaatın başının qarışmasından istifadə edib ərazini hasarlayıblar. Hətta sakinlərə müdaxilə etməməsi üçün pul təklif ediblər".
Sakinlərdən biri deyir ki, ərazidə digər tikililər də var, istirahət üçün, təmiz hava almaq üçün, uşaqların oynamağı üçün yeganə yeri isə zəbt etməyə çalışırlar.