​“Bakıda başqa mağazalar da brend adı ilə saxta məhsullar satır” - Eyyub Hüseynov

Baxış sayı:
11395

“Azad İstehlakçılar Birliyinə (AİB) “Lady Sharm” mağazalar şəbəkələri ilə bağlı hər ay bizə çoxlu şikayətlər daxil olurdu”.
Muxalifet.az xəbər verir ki, bu sözləri unikal.org-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O, “Lady Sharm” mağazalar şəbəkəsini bugünədək ifşa edə bilməməsində günakar hiss edib: “Özümü çox günakar hiss edirəm. Gərək bu günə kimi “Lady Sharm” mağazalar şəbəkəsinin qanunsuz əməllərini ifşa edərdim. Onlarla bağlı bizə daxil olan şikayətləri danışıq yolu ilə həll edə bilməmişik və əksinə bizə kobudluq edirdilər. Təəssüflər olsun ki, bu barədə dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat versək də nədənsə onlar heç bir iş görmür, onları cəzalandırmırdılar. Daxili İşlər Nazirliyinə təşəkkürümü bildirirəm ki, uzun illərdən sonra bu biyabırçılığın üstünü açdı”. 
E.Hüseynov hesab edib ki, Azərbaycanda, xüsusən Bakıda “Lady Sharm” mağazalar şəbəkəsindən başqa, digər məşhur brendlər adı altında da saxta məhsullar satan mağazalar var: “Sahil Metrosunun yaxınlığında “Birə-bir” geyim mağazası var. Bir il bundan əvvəl ora ilə bağlı şikayət daxil olub. Ən məşhur brendlər adı altında saxta məhsullar satırlar. Ayaqqabı biznesində çox ciddi problemlər var. Demək olar ki, sənaye məhsullarının bütün seqmentində bu problemlər var. Bizdə biznes adamlar üçün çox yaxşı şərait yaradılıb. Amma təəssüflər olsun ki, bəziləri bundan sui-istifadə edir. Mən dəfələrlə demişəm MDB (Rusiya, Ukrayna və digər) ölkələrində reketlər gəlib biznesmenlərin əlindən pullarını, qazanclarını alırlar. Azərbaycanda isə bu yoxdur. Lakin biznes qurumları bunu qiymətləndirə bilmirlər”. 
Xatırladaq ki, Daxili İşlər Nazirliyi “Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxslərinin cinayət işinə cəlb olunması barədə açıqlama yayıb. Daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.