Bakıda 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs barəsində HƏBS QƏRARI - Cəmi 2,2 il...

Baxış sayı:
8638

Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Rasim Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Rasim Tağıyev 31 avqust 2018-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı Binəqədi rayonundakı evinin yaxınlığına gəlib.

Liftdə qonşusunun qızı ilə rastlaşdı

Rasim Tağıyev yaşadığı evin yerləşdiyi bloka daxıl olub və liftin gəlməsini gözləyib. Həmin vaxt yaşadığı mənzilə getmək üçün bloka daxil olmuş qonşusu, 2008-ci il təvəllüdlü İlhamə Həsənovanı görüb.

Onlar birlikdə liftə daxil olublar. Liftdə olan zaman Rasim Tağıyev 10 yaşlı qonşu qızının çiynini və saçını sığallayıb.

Liftdə əxlaqsızlıq

Daha sonra Rasim Tağıyev azyaşlı qızın sinə nahiyəsinə əlini salıb və onun sinəsinə toxunub. İlhamə Həsənova əlini sinəsinə sıxmaqla ona mane olub, onun əlini geri çəkib.

Bununla da Rasim Tağıyev on yaşına çatmayan qıza qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib. Azyaşlı baş verən olayı valideynlərinə danışıb.

Azyaşlının valideynləri şikayətçi oldu

İlhamə Həsənovanın valideynləri Rasim Tağıyevin əxlaqsız hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında aparılan 11 ay təhqiqat araşdırmasından sonra oktyabrın 11-də Rasim Tağıyev həbs olunub.

İstintaq orqanı tərəfindən Rasim Tağıyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cəza yüngül oldu

Rasim Tağıyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Rasim Tağıyevə qarşı istintaq orqanı tərəfindən sürülən maddə dəyişdirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham verib.

Hökmə əsasən, Rasim Tağıyev 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməsi, cəzasının əvvəl 2018-ci ilin oktyabrın 11-dən, həbs olunduğu gündən hesablanıb.

Bəraət istədi, istəyi reallaşmadı

Hökmdən narazı qalan Rasim Tağıyev apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rasim Tağıyevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəşad Abdulovun sədrliyilə baş tutan iclasda Rasim Tağıyevin şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rasim Tağıyevin şikayəti təmin olunmayıb.