“Bakı torpaqların azad olunma prosesinə başladı”

Azərbaycan Ordusunun təlimlərinin miqyası onu göstərir ki, bu, torpaqların azad edilməsinə bir hazırlıqdır.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, cəbhədə vəziyyət dəyişməz olaraq qalır, ermənilər tərəfindən təxribatlar davam edir:
“Bu təxribatların ömrü Azərbaycanın erməniləri tam məhv edib öz torpaqlarından çıxaranadəkdir. Ermənistan əvvəl seçkiqabağı sindrom yaşayırdı, eyni vəziyyət indi də davam edir. Seçkilərin nəticələri ilə bağlı razı olmayan cəmiyyət öz etirazını bildirir. Ona görə hökm sürən hazırkı vəziyyət köhnə bir sxemdir. Qarabağın işğalı başlayandan indiyə qədər Ermənistandakı iqtidar Qarabağ kartından həmişə istifadə edib və bundan sonra istifadə edəcək. Əsas məqsəd seçki prosesindən cəmiyyətin diqqətini yayındırmaqdır”.
Polkovnik erməni işğalçı qüvvələrinin hər bir təxribatının qarşısının alındığını, adekvat cavabın verildiyini və ermənilərin xeyli itkilərinin olduğunu açıqlayıb:
“Ermənilər bu haqda məlumatı gizlədirlər. Bizdə müəyyən məlumatlar və bununla bağlı video materiallar mövcuddur. Hərbi bölmələrimiz döyüş tapşırığını yerinə yetirirlər. Təəssüflər olsun ki, ermənilər təlimləri Azərbaycan torpaqlarında keçirirlər. Çünki hazırda çox ehtiyat edirlər və qorxurlar. Ali Baş Komandan dəfələrlə Azərbaycanın işğalla barışmayacağına dair sərt ismarıclar verib. Ermənilər də məhz buna görə müəyyən tədbirlər görürlər. Bunlardan biri də təlimlərdir. Azərbaycanın da genişmiqyaslı təlimləri artıq başlayıb və bu, qarşı tərəfi narahat edir. Hesab edirəm ki, onlar bundan istifadə edərək cəmiyyəti əsas siyasi məsələlərdən yayındırmağa çalışacaqlar. Ancaq bunun geci-tezi var. Azərbaycan Ordusunun təlimlərinin miqyası onu göstərir ki, bu, torpaqların azad edilməsinə bir hazırlıqdır”.
Qeyd edək ki, Ermənistan ordusu Azərbaycanın işğal edilmiş Ağdam rayonunda hərbi təlimlər keçirir. Bunun ardınca Azərbaycan Müdafiə Nazirliyi aprelin 16-da irimiqyaslı hərbi təlimlərə start verdi. Təlimlər 21 aprelədək davam edəcək.