​Bakı “Stalinin yaxtası”nı almaq istəyir – RƏSMİ

Baxış sayı:
2892

“Xəzər Dəniz Gəmiçiliyi”nin ekspertlər qrupunun ötən həftə “Stalinin yaxtası”na texniki baxış keçirməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Xəzər Dəniz Gəmiçiliyinə aid olan heç kəs gəmiyə baxış keçirməyib.
Bu sözləri Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev azərbaycanlı ekspertlərin "Stalinin yaxtası"na baxış keçirməsi və qiymət danışıması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
M.Mehdiyevin sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi QSC adıçəkilən gəmini almaq niyyətindədir. Lakin bununla bağlı hələ son qərar verilməyib.
QSC sözçüsü bildirib ki, bu məsələ ilə bağlı hər hansısa qərar olacaqsa, bu barədə mətbuata açıqlama veriləcək.
Məlumata görə, Moskva Çay Gəmiçiliyi İdarəsi 1934-cü ildə inşa edilmiş və “Stalinin yaxtası” kimi tanınan “Maskim Qorki” teploxodunu 20 milyon rubla (600 min manat) satışa çıxarıb. Potensial alıcılardan biri də Xəzər Dəniz Gəmiçiliyi QSC-dir.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, XDG-nin ekspertlər qrupu ötən həftə gəmiyə texniki baxış keçiriblər.
 “Maksim Qorki” gəmisi 1934-cü ildə inşa edilib. Onun uzunluğu 69 metr, eni 13 metrdir. Gəmi 30 km/saat sürət yığa bilir. Teploxodun “Stalinin yaxtası” adlandırılmasına baxmayaraq, İosif Stalinin orada istirahət etməsi ilə bağlı heç bir fakt yoxdur. 1935-ci ildə bu gəmidə Maksim Qorkinin istirahət etməsi ilə bağlı yayılan rəvayət də öz təsdiqini tapmayıb.