Bakı ərəb ölkələrinə qapılarını niyə açıb? – KİV

Qafqaz artıq çoxdan Rusiya və Qərbin rəqabət zonasında yerləşir. Fars körfəzi ölkələri də son illər aktiv şəkildə Qafqaz dövlətlərinə maraq göstərməyə başlayıblar. İndi Qətər və qonşuları arasında diplomatik böhranın yaşandığı bir zamanda ortaya çıxan əsas sual odur ki, bu situasiya Qafqazda böyük oyun kimi böyüyəcəkmi?
 
Bu təhlil “EurasiaNet.org” saytında əksini tapıb. Saytın Fars körfəzi və Qafqaz ölkələrinin getdikcə siyasi və iqtisadi baxımdan daha sıx əlaqələrə sahib olduğunu bildirən təhlilində qeyd edilir:
“Son 3 ay ərzində Səudiyyə Ərəbistanının Fars körfəzi işləri üzrə naziri Azərbaycana 3 dəfə səfər edib. Birinci səfər mart ayında Prezident İlham Əliyevin Qətərdə olmasından bir neçə həftə sonra gerçəkləşdi. İkinci və üçüncü səfərlər isə mayda baş tutdu. Maraqlı məqam odur ki, Səudiyyənin bu nazirliyi keçən ilin oktyabrında yaradılıb və yaradılmasına da əsas səbəb regional dövlətlərin İranla konfliktdə Səudiyyə Ərəbistanı ətrafında birləşməsinə şərait yaratmaq olub.
Üstəlik, son aylar Birləşmiş Ərəb Əmirlikləri Ermənistan Prezidenti Serj Sərkisyanı martda keçirilən investisiya konfransında qəbul etdi. Bundan sonra isə may ayında analoji səfəri Sərkisyan Qətərə gerçəkləşdirdi.
BƏƏ artıq 2008-ci ildə Poti limanına 155 milyon dollar yatırmaqla Gürcüstanda əsas xarici investor kimi (2011-ci ildə BƏƏ bu limandan daxili mübahisələr ucbatından imtina etdi ) tipində çıxış edib. BƏƏ-dən olan daha bir investor isə Tiflisdə otellərin inşasına 140 milyon dollar yatırıb. BƏƏ şirkətləri üçün daha bir böyük istiqamət Azərbaycan və Ermənistan hesab edilir. Belə ki, bir müddət öncə Əbu-Dabidə yerləşən “Oşın Holdinq LLC” (Ocean Holding LLC) şirkəti Ermənistanda günəş enerjisinin inkişafına 10 milyon dollar yatırıb.
Fars körfəzindən olan turistlər üç ölkənin hamısına səfər edirlər. Keçən il həmçinin “Qətər Eyrveys” dünyanın ən böyük beynəlxalq aviaşirkətlərindən biri oldu və demək olar ki, Qafqazın hər üç ölkəsinə gündəlik birbaşa reyslər təşkil etdi. Eyni addımı BƏƏ-nin “Eyr Arabia” və “Flaydubay” şirkətləri də atdı. Həmçinin bu ay ərzində Bəhreynin “Qalf Eyr” şirkətinin Tiflisə yeni reysinin açılması gözlənilir.
Qafqaz ölkələri də öz qapılarını açırlar. 2016-cı ildə Azərbaycan Fars körfəzi ölkələri üçün viza qaydalarını yüngülləşdirdi. Hazırda Ərəb ölkələrinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin vətəndaşlarının Qafqaza viza qaydaları Türkiyə, İran, ABŞ və Avropa Birliyindən daha asandır. Artıq dünyanın əksər ölkələri ilə vizasız rejimə sahib olan Ermənistan və Gürcüstan da Fars körfəzi dövlətlərinə qarşı viza rejimlərini ləğv etməklə Fars körfəzinin turistik bazarına girməyə cəhd edirlər. Ermənistan burada yeganə istisnanı Səudiyyə Ərəbistanı üçün etdi. Buna səbəb Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ konfliktində Azərbaycanı dəstəkləməsi və Ermənistanla heç bir diplomatik münasibət yaratmamasıdır.
Hər üç ölkə Qətərlə yanaşı, Fars körfəzinin digər dövlətləri ilə də əlaqələrini yaradıblar və görünür, hazırkı böhran zamanı aktiv addımlar atmaq fikrində deyillər. Ermənistan bəyan edib ki, bütün sanksiyalara rəğmən bundan sonra da Qətərlə sıx münasibətləri davam etdirəcək. Azərbaycan isə balanslı yanaşmanın tərəfdarıdır və buna görə də bütün ölkələri düşmənçilikdən çəkindirir.
Tiflisdən hələ də səs çıxmır”./Axar.az