​“Bakı Qərbmeyilli siyasətə ciddi əhəmiyyət verir” - POLİTOLOQ

Baxış sayı:
926

2018-ci ildə Rusiya-ABŞ münasibətləri daha da gərginləşəcək. Bu isə bölgədəki geosiyasi duruma təsirsiz ötüşməyəcək.
Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq geosiyasi hadisələrin gərgin məcrada inkişaf etdiyini vurğulayıb:
“Bir çoxları hesab edir ki, Türkiyənin son zamanlar NATO-dan kənar siyasət yürütməsi və bu fonda Rusiya ilə sıx yaxınlaşması Ankaraya müəyyən təsirlər yarada bilər. Əslində, bu, öncədən bəlli idi. İran ABŞ-ın hədəfində olan ikinci ölkədir. Ona görə də Türkiyənin İran hərəkatı ilə bağlı nümayiş etdirdiyi mövqe birmənalı qarşılanmır. Ancaq hesab edirəm ki, Türkiyə ətrafında, eləcə də xarici siyasətində yol verdiyi nöqsanları düzəltmək üçün bir sıra cəhdlər edəcək. Elə Türkiyə prezidentinin Fransaya səfəri və orada Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM-a qoşulması və gələcəkdə bu şirkətin Türkiyəni əhatə edə biləcəyi ilə bağlı saziş imzalaması Ankaranın atdığı ciddi addımlardan biridir. Bu, gələcəkdə Türkiyənin balanslaşdırılmış siyasətinə bir yön verəcək”.
Politoloq bəzi dövlətlərin İranla bağlı seçim qarşısında qala biləcəyini də istisna etməyib:
“İran məsələsində ABŞ və Qərb dövlətlərinin mövqeyi formalaşamaqdadır. Buraya İsraili də əlavə edə bilərik. Digər dövlətlər də bu məsələdə seçim qarşısında qala bilər. Azərbaycanı İranla yaxın qonşuluq münasibətləri, tarixi dil və din ənənələri birləşdirir. Bu səbəbdən də Azərbaycan-İran münasibətləri normaldır. Ancaq dünya dəyişdikcə geostrateji maraqlar və taktiki addımlar da dəyişir. Hər şey bölgədəki hadisələrin inkişaf trayektoriyasından asılı olacaq. Azərbaycan baş verən prosesləri diqqətlə izləyərək bölgədəki hadisələrdən maksimum yararlanmağa çalışacaq.
Əlbəttə, Avropa Birliyinin ərazi bütövlüyü məsələsini ön plana sürməsi, ölkəmizin AB-yə doğru cəsarətli addımlar atması, Avropa nümayəndə heyətinin Bakıya gözlənilən səfərləri onu göstərir ki, Bakı qərbmeyilli siyasətinə ciddi əhəmiyyət verir, müxtəlif balanslar və geosiyasi maraqlar içərisində özü üçün lazım olan məqamları tapmağa çalışır. Zənnimcə, bölgədə cərəyan edən hadisələr ölkəmiz üçün əlverişli məqam yaradacaq. Belə olan halda isə Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün yaranmış şəraitdən yararlana biləcək”(axar.az).