​Bakı Prosesinin 10 illiyi... - Müzakirədə

Baxış sayı:
799

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfəri çərçivəsində Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri Antonio Gamito ilə görüşüb. Qeyd edək ki, adıçəkilən təşkilat ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun partnyorudur.
Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, görüşdə Forumun əhəmiyyətindən bəhs olunub, 2018-ci ildə Bakı Prosesinin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə olunub. Eyni zamanda bu il ölkəmizdə keçiriləcək Humanitar Forum haqqında da söhbət açılıb, bu istiqamətdə yeni layihələrin işlənilməsi və bu kimi tədbirlərin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlılığı barədə fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev Təşkilatın rəhbəri Antonio Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edib və gələcəkdə də mərkəzlə əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyətini qeyd edib.
Təşkilatın rəhbəri Antonio Gamito Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verdiyini bildirib və bu sahəyə böyük diqqət ayrıldığını qeyd edib. O, tədbirlərdə iştirak edən alimlərin, mütəxəssislərin də bu fikirdə olduğunu və həyata keçirilən bu kimi layihələri yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.