Bakı marketlərindən kərə yağı oğurlayanlar sürətlə artır - "LEXUS"LA GƏLİB BAL OĞURLAYAN DA VAR...

Baxış sayı:
7855

Bakının iri supermarket şəbəkələrində ərzaq oğurluqları halları artıb. Son bir neçə ay ərzində paytaxtın müxtəlif marketlərində onlarla oğurluq hadisəsi barədə xəbərlər yayılıb. Həm də, əvvəllər saqqız, konfet, çipsi kimi kiçik oğurluqlar baş verirdisə, indi oğurlanan məhsulların çeşidi artıb. Daha çox ərzaq məhsulları, xüsusən də, son illər qiyməti bir neçə dəfə artan kərə yağları oğruların köynəyində, qarnında, çantasında gizli keçirdiyi mallar sırasındadır.
Xəbər lentlərinə tez-tez çıxan bu oğurluq hadisələri ilə bağlı Bakının bir neçə supermarketinə baş çəkdik, məlum oldu ki, son vaxtlar supermarketlərdən ən çox oğurlanan ərzaq məhsulu kərə yağıdır. Heç demə kərə yağının qiymətinin kəskin artmasından sonra onu oğurlayanların da sayı kəskin artıbmış...
Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Araz” supermarketində oğurluq hallarının artması səbəbindən bir sıra mallar bağlı yerdə saxlanılır. Bura içkilər, bəzi bahalı əşyalar aiddir. Amma bununla belə oğurluqların qarşısını almaq mümkün deyil.
Marketin müdir müavini İlham Əhmədovun virtualaz.org-a bildirdiyinə görə, bahalı içkilərdən tutmuş salfetlərə qədər istənilən cür oğurluğa rast gəlinir: “Oğurluqlar çoxalıb, amma biz onları tutan zaman heç vaxt özümüz cəzalandırmırıq, çünki bu qanuna ziddir. Bəzən olur ki, heç polisə də müraciət etmirik, çünki bəzən övladının oğurluğuna görə valideynlər gəlib ödəniş edirlər. İndi qadınlar da çox oğurluq edirlər. Bəzən elə əşyaları oğurlayırlar ki, onların üzərində kod olmur və mağazadan çıxaranda səs salmır. İçkilər, ərzaq, şirniyyat, xüsusən də plitka şokoladlar, qadın kalqotkaları, corablar ən çox oğurlanan mallar sırasındadır. Amma mağazada indi ən geniş yayılmış oğurluq yağ oğurluğudur. 300 qramlıq yağları asanlıqla oğurlamaq olur, çünki həm qiyməti bahadır - 3,5- 4 manat, həm də ölçüsü kiçikdir. Bəzən ciblərinə yerləşdirib 5 dənə, hətta 10 dənə yağ oğurlayanlar olur”.
 
“Hər dəfə yağın stokuna baxanda 100 dənə əskik gəlir”
 
Həmsöhbətimiz deyir ki, əsasən oğurluqlar axşam saatlarında, mağzaya insanların çox girdikləri vaxtlarda baş verir. Amma elə hallar da olur ki, məhsulun nə vaxt oğurlanmadından xəbərsiz olurlar.
 “Ayın sonunda hesablananda əskik çıxır. Biz bütün mallara bahalı mallara yapışqanlı kağız, maqnit yapışdırırq, viskiləri bağlı yerə qoymuşuq. Batereyalar da çox oğurlanır deyə artıq onları da bağlı yerdə saxlayırıq. Uşaq bezləri, salfetkalara qədər mütəlif əşyaların oğurluğuna rast gəlinir. Demək olar ki, marketdə hər gün oğurluq olur, heç araşdıra bilmirik” - Əhmədov bildirir.
Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən “Sarı” marketdə isə hər ay 20-30 nəfər imkansız şəxsə mağazadan pulsuz bazarlıq edilir. Marketdə istənilən imkanı olmayan şəxs xahiş edərsə, ona pulsuz çörək verilir. Amma bununla belə mağazanın özünü təqdim etmək istəməyən əməkdaşı bildirir ki, oğurluqlar inanılmaz dərəcədə çoxalıb və rəhbərlik bunların qarşısını almaqda acizdir.
 “Elə oğru olur ki, baxırıq cavan uşaqdır, bilirik ki, aparıb oğurladığını narkotikə verir, onu polisə veririk. Eləsi var ki, ailəlidir, onu buraxırıq getsin və xəbərdarlıq edirik ki, bir də belə hal təkrarlanmasın. Eləsi var ki, gedirsən evinə görürsən evi bərbad vəziyyətdədir. Belə adamlara qayıdıb marketdən bazarlıq edib veririk. Eləsi var ki, ona aylardır ki, bazarlıq edib veririk. Tapşırmışam ki, gəl nəyə ehtiyacın varsa, istə, oğurluq eləmə”-marketin işçisi deyir.
 
“Lexus”la gəlib bir banka bal oğurlayanlar…
 
Marketin işçisi onu da deyir ki, bəzən oğurluq edənlər arasında çox imkanlılara da rast gəlinir. Məsələn, o, “Lexus” markalı avtomobillə mağazaya gəlib bir banka bal oğurlayana rast gəlib. Mağaza rəsmisi bildirir ki, hətta həyat yoldaşı vəzifədə işləyən qadın oğru ilə də rastlaşıblar. “Bu artıq onlarda xəstəlik halını alıb və bundan adrenalin alırlar”-o deyir.
İşçi deyir ki, bəzən gün ərzində 3-4 oğurluq hadisəsi aşkarlayırlar. Nəzarət zəif olanda isə heç xəbər tutmaq belə mümkün olmur.
 “İndi ən çox kərə yağı oğurlayırlar. Hər dəfə yağın stokuna baxanda 70-80, hətta 100 dənə əskik gəlir. Bizim şəbəkənin əksər marketlərində çörək ehtiyacı olanlar üçün pulsuzdur, ona görə çörək oğurluğuna rast gəlinmir. Amma qalan ərzağın oğurluğu çoxdur. Bilmirəm bu savadsızlıqdan, ya cahillikdəndir. Çünki istənilən şəbəkəmizin istənilən marketinə yaxınlaşıb ərzaq üçün müraciət etsələr, onlara pulsuz verərlər. Biz hər ay 20-30 nəfərə ərzaq veririk. İnsanlar gəlib xahiş etməyi özləriənə sığışdırmırlar, amma oğurluğu rəva görürlər”.
 
Oğrular əlbir işləyirlər, bir filialda ələ keçiblərsə…
 
Bakının Nizami küçəsi 96-98 ünvanında yerləşən “Fresco” supermarketinin rəhbəri Ələsgər Fətullayev isə son 20 gündə rəhbərlik etdiyi filialda oğurluq hadisəsi olmadığını deyir. Amma bununla belə, son aylar supermarketlərdən oğurluq hallarının çoxalması ilə razılaşır.
“5 ildir iri market şəbəkələrində işləyirəm, demək olar ki, hər gün oğurluq hallarına rast gəlirik. Bu həm də nəzarətdən asılıdır. Məsələn, bizim filialda nəzarət işini 4 əməkdaş həyata keçirir və bu yetərlidir. Həm də, bu marketimizin şəhərin mərkəzi hissəsində yerləşməsi ilə bağlıdır. Amma Əhmədli və Günəşli filiallarımızda oğurluq daha çox baş verir. 140-150 manatlıq viskiləri və yağları daha çox oğurlayırlar. Ümumiyyətlə, hansı məhsulları ki, aparıb satmaq olur, onu oğurlayırlar. Məsələn, 10 manatlıq “Anchor” yağını oğurlayıb 5 manata satırlar”.
Mağaza rəhbəri bu oğurluqların qarşısında aciz olduqlarını deyir. Amma belə halların qarşısını almaq üçün də heç bir təklifləri yoxdur.
“Oğurluqların qarşısını almaq ancaq nəzarət sistemini gücləndirməklə mümkündür. Əgər televiziyada da desələr də oğurluq etmə, inanmıram kimisə fikrindən yayındırsın. Həm də, oğrular bir-biri ilə əlaqəli işləyirlər. Əgər bir filialda oğru tutulubsa, bir müddət o filialda sakitçilik olur və digər oğrular da oğurluqdan çəkinirlər”-həmsöhbətimiz deyir.
Qeyd edək ki, Cinayət Məcəlləsində bu ilin əvvəllərində edilmiş dəyişikliklərə əsasən xırda oğurluq əməllərinə görə cəzalar yumşaldılıb, belə əməllərə yol verənlər barəsində cərimə və ya azadlığın məhdudlaşdırılması kimi yüngül cəzalar nəzərdə tutulur. Lakin Cinayət Məcəlləsində cəzaların yüngülləşdirilməsinin marketlərdən ərzaq oğurluğu hallarının artması ilə nə dərəcədə bağlı olduğu məlum deyil. Amma bəzi hallarda supermarketlərin mühafizəçiləri ərzaq oğrularını linç üsulu ilə cəzalandırmağa əl atırlar və üstəlik videokadrlarını da çəkib sosial şəbəkələrdə yayırlar…